Avropa İttifaqından yeni vergi: Polşa ciddi itkilərlə üzləşə bilər

Avropa Komissiyası elektron tullantılara görə hər kiloqrama 2 avro rüsum təklif edir. İldə 15 milyard avro gəlir gətirə biləcək təşəbbüs Polşada narazılıq yaradıb.

67

Avropa Komissiyasının elektron tullantılarla bağlı yeni ödəniş mexanizmi Polşa iqtisadiyyatına, xüsusilə ölkənin məişət texnikası sənayesinə əlavə maliyyə yükü yarada bilər. Təklifin Avropa İttifaqı büdcəsinə ildə təxminən 15 milyard avro gəlir gətirəcəyi gözlənilir.

MSNews.az xəbər verir ki, təşəbbüs Avropa İttifaqının 2028–2034-cü illər üçün büdcə layihəsində nəzərdə tutulub. Yeni mexanizmə əsasən, üzv dövlətlər toplanmamış elektron tullantıların hər kiloqramına görə Aİ büdcəsinə 2 avro ödəməli olacaqlar.

Bu barədə “Reuters” agentliyi də məlumat yayıb.

Ödənişin məbləği əvvəlki üç ildə bazara çıxarılan elektrik və elektron avadanlıqların orta illik çəkisi ilə həmin il toplanan tullantıların çəkisi arasındakı fərq əsasında hesablanacaq. Mexanizm soyuducu, paltaryuyan maşın, kompüter və televizor kimi məhsulları da əhatə edir.

Polşanın “Niezależna” nəşrinin məlumatına görə, ölkənin müxalif Hüquq və Ədalət Partiyasından olan Avropa Parlamentinin deputatı Daniel Obaytek təşəbbüsü sərt tənqid edib. O, Polşanın Avropanın əsas məişət texnikası istehsalçılarından biri olduğunu xatırladaraq əlavə maliyyə öhdəliklərinin zavodların fəaliyyətinə və məşğulluğa mənfi təsir göstərə biləcəyini bildirib.

Sənaye nümayəndələri xüsusilə məişət texnikasının uzun istifadə müddətinə diqqət çəkirlər. Onların fikrincə, illərlə istifadə olunan avadanlıqların qısa müddətdə tullantı kimi toplanmaması yeni hesablama mexanizmində əlavə maliyyə yükü yarada bilər.

Avropa Komissiyası isə mexanizmin vətəndaşlardan birbaşa alınan vergi deyil, üzv dövlətlərin büdcə töhfəsi olduğunu bildirir. Təklif hələ qüvvəyə minməyib və Aİ daxilində müzakirə olunur.

Polşanın bu mexanizmə görə ildə əlavə 6 milyard avro ödəyəcəyi barədə iddia isə rəsmi mənbələrdə təsdiqini tapmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti