İlham Əliyev Ağdamda 2,5 milyon manatlıq yeni zavodun açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda illik 130 min döşək istehsal edəcək “Komfy” müəssisəsinin açılışında iştirak edib. Zavodda 65 nəfər daimi işlə təmin olunacaq.

32

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “Komfy” MMC-nin ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib. Ümumi dəyəri 2,5 milyon manat olan zavodda ildə 130 min döşək istehsalı və 65 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

MSNews.az xəbər verir ki, müəssisənin direktoru Fuad Nəcəfov dövlət başçısına istehsal imkanları barədə məlumat verib. Prezidentin rəsmi internet səhifəsində bildirilib ki, 2024-cü ildə sənaye parkının rezidenti statusunu almış müəssisədə müxtəlif ölçülü və sərtlik dərəcəli ortopedik döşəklər, həmçinin bonel və paket yay sistemləri istehsal olunacaq.

Zavodda Azərbaycanda ilk dəfə “roll-pack” texnologiyası ilə, yəni sıxılaraq rulon şəklində qablaşdırılan döşəklərin istehsalı həyata keçiriləcək. Bu üsul daşınma xərclərini azaltmaqla məhsulların xarici bazarlara çıxışını asanlaşdıracaq. Müəssisə yerli və xarici hotellər üçün də xüsusi döşəklər hazırlayacaq.

2,5 milyon manatlıq layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun dövlət zəmanəti əsasında 700 min manat kreditdən istifadə edilib. Müəssisəyə 114 min manatlıq ƏDV və gömrük güzəşti tətbiq olunub.

Qeyd edək ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkında 39 müəssisə qeydiyyata alınıb. Layihələrin ümumi dəyəri 375,5 milyon manat, faktiki investisiya isə 192,6 milyon manat təşkil edir. Burada artıq 1000-dən çox insan işlə təmin olunub.

Sənaye Parkının rezidentlərinin ümumi satış həcmi 2,96 milyard manata, ixrac göstəricisi isə 132,6 milyon manata çatıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti