ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasından səkkiz açıq transgender və qeyri-binar namizəd qanunverici orqanlara seçilib. Onlardan yeddisi müxtəlif ştatların parlamentlərində mandat qazanıb, biri isə ABŞ Konqresinin Nümayəndələr Palatasına yenidən seçilib.
MSNews.az xəbər verir ki, LGBT siyasətçiləri dəstəkləyən “LGBTQ+ Victory Fund” təşkilatının məlumatına əsasən, bu seçkilərdə bir neçə ştatın tarixində ilk dəfə açıq transgender siyasətçilər qanunverici orqanlara daxil olublar.
Alabamada Ellison Montqomeri 53,2 faiz səslə respublikaçı Fillip Riqsbini məğlub edərək ştatın ilk açıq transgender deputatı olub. Corciyada Bentli Haccins isə 92,5 faiz səslə ştat parlamentinə seçilən ilk açıq transgender və qeyri-binar siyasətçi kimi tarixə düşüb.
Vaşinqton ştatında Ceylin Skott, Miçiqanda Coanna Ueyli, Viskonsində Dina Nina Martines-Rezerford da tarixi nəticələr əldə ediblər. Montanada Zui Zefir, Minnesotada isə Li Finke ştat parlamentlərinə yenidən seçiliblər.
ABŞ Konqresinin ilk açıq transgender üzvü Sara Makbrayd Delaver ştatında 64,3 faiz səs toplayaraq ikinci müddətə mandat qazanıb. Respublikaçı rəqibi Cozef Arminio isə 35,7 faiz səs əldə edib. Bu nəticələr Delaver ştatının seçki orqanının ilkin məlumatlarında da əks olunub.
Seçki nəticələri ABŞ-da transgender və qeyri-binar siyasətçilərin ştat və federal qanunvericilik orqanlarında təmsilçiliyinin genişləndiyini göstərir.