ABŞ-ın nüvə obyektində yanğın: Radioaktiv sızma iddiası araşdırılır

ABŞ-ın Cənubi Karolina ştatındakı Savannah River nüvə kompleksində yanğın baş verib. Radioaktiv maddələrin sızması barədə məlumatlar yayılsa da, rəsmi ölçmələr çirklənmə aşkar etməyib. Bir əməkdaş xəsarət alıb.

70

ABŞ-ın Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə ilə əlaqədar radioaktiv maddələrin ətraf mühitə sızması barədə məlumatlar yayılıb və obyektin ərazisində fövqəladə vəziyyət elan edilib. Lakin sonradan keçirilən radioloji yoxlamalar nəticəsində radioaktiv çirklənmə aşkar olunmayıb.

MSNews.az xəbər verir ki, hadisə oktyabrın 28-də ABŞ Energetika Nazirliyinin nəzarətində olan “Savannah River Site” (SRS) nüvə kompleksində, “Savannah River” Milli Laboratoriyasının otaqlarından birində baş verib.

Yerli WRDW/WAGT telekanalının məlumatına görə, yanğınla əlaqədar fövqəladə xidmətlərə yer səviyyəsində filtrdən keçməmiş radioaktiv material buraxılışı barədə məlumat daxil olub.

Hadisədən sonra nüvə kompleksində xüsusi fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində obyektə giriş müvəqqəti məhdudlaşdırılıb, yaxınlıqdakı dəmir yolu, çay nəqliyyatı və hava hərəkətinə məhdudiyyətlər qoyulub.

Laboratoriyanın hadisədən təsirlənən hissələrində çalışan əməkdaşlara təhlükəsiz yerlərdə qalmaq göstərişi verilib.

“Reuters” agentliyinin məlumatına görə, hadisə nəticəsində bir əməkdaş yüngül xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisə zamanı radioaktiv maddələrin sızması ehtimalı ciddi narahatlıq yaratsa da, nüvə kompleksinin rəhbərliyi sonradan rəsmi açıqlama yayıb.

“Savannah River Site” administrasiyasının 28 oktyabr saat 21:45-də dərc etdiyi son məlumatda bildirilir:

“Yanğın söndürülüb. Radioloji yoxlamalar zamanı müəyyən edilə bilən səviyyədə çirklənmə aşkarlanmayıb.”

Bundan əlavə, fövqəladə vəziyyət rejimi ləğv edilib, məhdudiyyətlər götürülüb və obyektin girişləri yenidən açılıb.

Beləliklə, radioaktiv material buraxılışı barədə ilkin məlumatlar olsa da, ətraf mühitin radioaktiv çirkləndiyini göstərən təsdiqlənmiş ölçmə nəticəsi açıqlanmayıb.

“Savannah River Site” ABŞ-ın nüvə sənayesi tarixində mühüm yer tutan obyektlərdən biridir.

Kompleks 1950-ci illərin əvvəllərində yaradılıb və Soyuq müharibə dövründə nüvə silahlarında istifadə edilən plutonium və tritium istehsalı ilə məşğul olub.

Hazırda burada radioaktiv tullantıların idarə olunması, nüvə materialları ilə bağlı tədqiqatlar və ətraf mühitin təmizlənməsi istiqamətində işlər aparılır.

Yanğının başvermə səbəbi hələ açıqlanmayıb. Hadisənin texniki şəraiti və mümkün radioloji nəticələri ilə bağlı əlavə məlumatlar gözlənilir.
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti