Rusiya–Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyur və eskalasiya coğrafiyası artıq quru sərhədlərindən dəniz məkanlarına yönəlir. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov hesab edir ki, Xəzər və Qara dənizdə baş verən hərbi fəallıq yalnız regional təhlükəsizlik balansını sarsıtmır, həm də Vladimir Putinə açıq siqnallar göndərir. Ekspertin fikrincə, bu, Rusiyanın hərbi-strateji mövqelərini zəiflətmək və onun Ukraynadakı maksimalist ambisiyalarını məhdudlaşdırmaq üçün yeni alət kimi qiymətləndirilə bilər.
Siyasi şərhçi Akşin Kərimov hesab edir ki, Rusiya–Ukrayna müharibəsində eskalasiya coğrafiyası dəyişir və proses tədricən quru ərazilərdən dəniz məkanlarına keçir. Onun sözlərinə görə, bu, Moskvanın hərbi-strateji mövqelərini zəiflətməyə yönəlmiş yeni mərhələnin başlanğıcıdır.
Akşin Kərimov bildirib ki, hazırda münaqişənin yeni proyeksiyası Qara dəniz və Xəzər dənizi üzərində formalaşır:
“Rusiya–Ukrayna müharibəsində hərbi eskalasiyanın miqyası dəyişir. Yeni risk zonaları artıq Qara dəniz və Xəzər dənizinə doğru genişlənir.”
Şərhçi qeyd edib ki, Ukraynanın Rusiyanın Qara və Xəzər dənizlərindəki obyektlərini hədəfə alması fonunda Moskvanın Qara dənizdə Türkiyə gəmilərinə qarşı atəş açması regionda təhlükəsizlik balansını ciddi şəkildə sarsıdır. Bununla belə, Türkiyənin bu məsələdə ehtiyatlı mövqe tutduğunu vurğulayıb:
“Ankara Rusiyanı birbaşa ittiham etmir, lakin paralel olaraq öz təhlükəsizlik tədbirlərini gücləndirir. Bu, təmkinli, amma hesablanmış mövqedir.”
Akşin Kərimovun fikrincə, Ukraynanın ilk dəfə Aralıq dənizində Rusiya tankerini hədəfə alması regional güc bölgüsünə yenidən baxılmasını aktuallaşdırır:
“Əgər bu tendensiya davam edərsə, Aralıq dənizində Türkiyə və İsrailin də daxil olduğu yeni geosiyasi qarşıdurma xətti yarana bilər.”
Şərhçi hesab edir ki, müharibənin su sərhədlərinə daşınması Rusiyanı Ukraynadakı maksimalist ambisiyalarından çəkindirmək üçün əsas alətlərdən biridir. Bu fonda ABŞ–Rusiya arasında mümkün sövdələşmələr müzakirə olunsa da, Avropa ilə Ukraynanın Moskvaya qarşı mövqelərinin sərtləşdiyi görünür.
Onun sözlərinə görə, Ukraynanın dəniz məkanında Rusiyaya qarşı uğurlu əməliyyatları Vaşinqtonun da təzyiq strategiyasının tərkib hissəsi kimi dəyərləndirilə bilər:
“ABŞ üçün dəniz əsaslı geosiyasi nüfuz strateji əhəmiyyət daşıyır və bu amil Ukraynanın dəniz əməliyyatlarında dolayı dəstək ehtimalını artırır.”
Akşin Kərimov vurğulayıb ki, Xəzər dənizində baş verən proseslər İran üçün də ciddi xəbərdarlıq xarakteri daşıyır. Onun fikrincə, Rusiya Moskva–Tehran xətti üzrə Xəzərdə hərbi koordinasiyanı gücləndirməyə cəhd göstərə bilər:
“İranın dəniz əməliyyatlarına cəlb edilməsi Tehranın zəifləyən geosiyasi mövqelərini legitim hədəfə çevirə bilər.”
Şərhçi əlavə edib ki, Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında Xəzər dənizi ilə bağlı təxirəsalınmaz məsləhətləşmələrin başlanması ehtimalı yüksəkdir. Onun fikrincə, Moskva Xəzərdəki hərbi və enerji infrastrukturuna təzyiqlər artacağı halda Bakı və Astana ilə bağlı ittiham ritorikasını gücləndirə bilər.
Akşin Kərimov hesab edir ki, Vladimir Putin hələlik Ukraynadakı müharibə məqsədlərindən geri çəkilmək niyyətində deyil:
“Putin hələ də Ukraynada ərazi qazanclarını genişləndirmək ümidini saxlayır. Nüvə ritorikası isə psixoloji təzyiq aləti kimi istifadə olunur.”
Onun qənaətinə görə, Ukraynanın Rusiya ərazilərinə yaxın dəniz zonalarında apardığı əməliyyatlar daha çox kəşfiyyat əsaslı ssenarinin icrasını xatırladır və əsas mesaj Kremlin özünə ünvanlanıb:
“Məqsəd Rusiyaya göstərməkdir ki, eskalasiya artdıqca Vladimir Putinin hakimiyyəti üçün risklər də yüksəlir.”
Akşin Kərimov bildirib ki, Xəzər və Qara dənizlərdəki hərbi fəallıq yalnız regional təhlükəsizlik üçün deyil, həm də Rusiyanın siyasi elitasında daxili təzyiqlər yaratmaq potensialına malikdir. Onun fikrincə, eskalasiya artdıqca Kremlin hərbi və strateji qərarlarında dəyişiklik riski yüksəlir və bu, Putinin hakimiyyətinin legitimliyi üçün yeni çağırışlar formalaşdırır.
“Rusiya dəniz əməliyyatlarının genişləndirilməsi ilə yalnız Ukraynaya mesaj göndərmir, həm də daxili siyasi balansı öz xeyrinə dəyişmək imkanını itirə bilər.”