Mitropolit İlarionun avtomobilində kokain tapıldı

Çexiya polisi Rus Pravoslav Kilsəsinin mitropoliti İlarionun avtomobilində aşkarlanan ağ rəngli maddənin kokain olduğunu bildirib. Din xadimi ittihamları rədd edir və hadisəni təxribat adlandırır.

14

Çexiya polisi Rus Pravoslav Kilsəsinin mitropoliti İlarionun avtomobilində aşkarlanan ağ rəngli maddənin kokain olduğunu bildirib.

MSNews.az xəbər verir ki, “České Noviny”in “Deník N”ə istinadən yaydığı məlumata görə, ekspertiza zamanı avtomobildən götürülən maddənin kokain olduğu müəyyən edilib. Çexiya polisinin sözçüsü Martina Rixterova nəşrə bildirib ki, söhbət avtomobildə tapılan və müsadirə edilən bir neçə qramlıq ağ rəngli maddədən gedir.

Reuters”in məlumatına görə, dünyəvi adı Qriqori Alfeyev olan mitropolit İlarion mayın 24-də Çexiyada saxlanılıb. Polis onun olduğu avtomobildə ağ rəngli maddə olan kiçik qablar aşkar etdikdən sonra din xadimini nəzarətə götürüb.

Çexiya polisinin Milli Narkotiklərlə Mübarizə Mərkəzi daha əvvəl avtomobilin anonim məlumat əsasında saxlanıldığını bildirmişdi. “Reuters” yazır ki, polis istintaqın davam etdiyini əsas gətirərək hadisə ilə bağlı əlavə detalları açıqlamayıb.

Mitropolit İlarion iki gün sonra ittiham irəli sürülmədən sərbəst buraxılıb. “The Guardian”ın məlumatına görə, o, maddənin qadağan olunmuş narkotik olduğunu təsdiqləyən ekspertiza nəticələrinə baxmayaraq, hadisənin ona qarşı qurulduğunu bildirib. İlarion narkotik vasitələrin qanunsuz saxlanılması və ya daşınması ilə hər hansı əlaqəsinin olmadığını deyib.

The Moscow Times”ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi mitropolitin saxlanılmasını “əvvəlcədən qurulmuş təxribat” adlandırıb. Nazirlik Çexiyanın Moskvadakı diplomatik nümayəndəsini çağıraraq hadisəyə etirazını bildirib.

Rus Pravoslav Kilsəsi də hadisənin mitropolit İlariona qarşı “qurama” ola biləcəyini iddia edib. Bununla belə, Çexiya tərəfi istintaqın davam etdiyini və ekspertiza nəticəsində müsadirə olunan maddənin kokain kimi müəyyənləşdirildiyini açıqlayıb.

İlarion uzun illər Rus Pravoslav Kilsəsinin xarici əlaqələr şöbəsinə rəhbərlik edib və kilsə iyerarxiyasında yüksək vəzifələr tutub. “Reuters”in məlumatına görə, o, 2024-cü ildə Budapeşt və Macarıstan yeparxiyasının rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Çexiyanın Karlovı Varı şəhərindəki Müqəddəs Pyotr və Pavel kilsəsində xidmətə göndərilmişdi.

Hadisədən sonra mitropolitin xidmət yeri dəyişdirilib. “Meduza” yazır ki, patriarx Kirill mitropolit İlarionu Argentina və Cənubi Amerika yeparxiyasında xidmətə təyin edib. Onun Braziliyanın Santa Rosa və Campina das Missões şəhərlərindəki pravoslav kilsələrində xidmət edəcəyi bildirilir.

Orthodox Times”ın məlumatına görə, patriarxın fərmanında bu qərarın İlarionun mövcud şəraitdə Karlovı Varıdakı əvvəlki xidmətini davam etdirməsinin mümkün olmaması ilə əlaqədar qəbul edildiyi göstərilir.

Hazırda Çexiyada istintaq davam edir. Mitropolit İlariona rəsmi ittiham irəli sürülməyib və o, narkotiklərlə hər hansı əlaqəsini qəti şəkildə rədd edir.