ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq edilən blokadanın ilk mərhələsinin uğurla başladığını açıqlayıb.
“Reuters”-in məlumatına görə, əməliyyatda 10 mindən çox amerikalı hərbçi, ondan çox hərbi gəmi və çoxsaylı təyyarə iştirak edir. İlk 24 saat ərzində heç bir gəmi blokadanı keçə bilməyib, 6 ticarət gəmisi isə ABŞ qüvvələrinin göstərişinə əməl edərək geri dönüb.
CENTCOM-un rəsmi bəyanatında bildirilir ki, məhdudiyyətlər İran limanlarına və sahilyanı ərazilərinə daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə qərəzsiz şəkildə şamil edilir. Buraya Fars körfəzi və Oman körfəzində yerləşən bütün İran limanları daxildir.
Bununla yanaşı, ABŞ qüvvələri Hörmüz boğazından İran limanları istisna olmaqla digər limanlara gedən və həmin limanlardan çıxan gəmilər üçün naviqasiya azadlığının qorunacağını da vurğulayıb. Bu səbəbdən söhbət boğazın tam bağlanmasından yox, əsasən İran limanlarına giriş-çıxışın blokadaya alınmasından gedir.
“Reuters”-in ayrıca məlumatına görə, blokadaya baxmayaraq, Hörmüz boğazında ümumi gəmi hərəkəti ilk gündə tam dayanmayıb və bəzi gəmilər tranziti davam etdirib. Bu da göstərir ki, tədbirlər əsasən İran istiqamətli dəniz daşımalarına yönəlib.