İqtisadçı DÇ-2026-nın qalibini “seçdi”

Alman iqtisadçı Yoahim Klementin modeli 2026-cı il Dünya Çempionatında Niderlandın finalda Portuqaliyanı məğlub edərək çempion olacağını proqnozlaşdırıb. Klement daha əvvəl son üç mundialın qalibini düzgün təxmin etmişdi.

14

Alman iqtisadçı və bazar strateqi Yoahim Klement 2026-cı il FIFA Dünya Çempionatının qalibi ilə bağlı yeni proqnozunu açıqlayıb.

MSNews.az xəbər verir ki, “SBS”in məlumatına görə, Klementin iqtisadi-statistik modeli Niderland millisinin turnirin qalibi olacağını proqnozlaşdırır. Modelə əsasən, Niderland finalda Portuqaliya ilə qarşılaşacaq və mundial tarixində ilk dəfə çempionluq qazanacaq.

Klement futbol proqnozları ilə son illərdə diqqət çəkib. “MarketWatch” yazır ki, o, daha əvvəl 2014-cü ildə Almaniyanı, 2018-ci ildə Fransanı, 2022-ci ildə isə Argentinanı dünya çempionu kimi proqnozlaşdırmışdı. Hər üç turnirdə onun modeli qalibi düzgün müəyyən edib.

Bununla belə, iqtisadçı öz proqnozuna ehtiyatla yanaşmağı tövsiyə edir. “MarketWatch”in məlumatına görə, Klement bu modeli əvvəlcə iqtisadçıların və maliyyə analitiklərinin gələcəyi proqnozlaşdırmaq iddialarının nə qədər şübhəli olduğunu göstərmək üçün hazırlayıb. Onun sözlərinə görə, layihə əvvəlcə zarafat və “təvazökarlıq məşqi” kimi başlayıb, lakin model ardıcıl üç mundialda qalibi düzgün seçəndən sonra böyük maraq doğurub.

Klementin modeli yalnız futbol göstəricilərinə əsaslanmır.SBS” yazır ki, hesablamalarda ölkələrin adambaşına düşən ÜDM göstəricisi, əhali sayı, iqlim şəraiti, FIFA reytinq xalları və ev sahibi üstünlüyü kimi amillər nəzərə alınır.

Niderland millisi indiyədək dünya çempionu ola bilməyib. Komanda 1974, 1978 və 2010-cu illərdə finala yüksəlsə də, hər üç halda məğlub olub. Bu səbəbdən Klementin proqnozu Niderland futbolu üçün tarixi ehtimal kimi maraq doğurub.

Reuters”in məlumatına görə, Ronald Kumanın rəhbərlik etdiyi Niderland millisi 2026-cı il Dünya Çempionatına yüksək hədəflərlə gedir. Komanda qrup mərhələsində Yaponiya, İsveç və Tunis yığmaları ilə qarşılaşacaq.

Portuqaliya isə turnirin əsas iddialılarından biri hesab olunur. “Reuters”ə açıqlama verən baş məşqçi Roberto Martines 2026-cı il mundialının 48 komandalı yeni format, fərqli iqlim və uzun məsafəli səfərlər səbəbindən çox çətin olacağını bildirib.

Ekspertlər qeyd edirlər ki, Klementin əvvəlki uğurlu proqnozları onun modelinə marağı artırsa da, futbol nəticələri çoxsaylı təsadüfi amillərdən asılıdır. Zədələr, forma durumu, penaltilər, hakim qərarları və oyun içindəki kiçik epizodlar istənilən statistik modeli alt-üst edə bilər.

Klement özü də proqnozun ciddi mərc tövsiyəsi kimi qəbul edilməməli olduğunu vurğulayır. Onun fikrincə, modelin əsas məqsədi futbolda qalibi əvvəlcədən dəqiq bilməyin nə qədər çətin olduğunu göstərməkdir.