Paşinyan müxalifəti “müharibə partiyası” adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası zamanı Samvel Karapetyan, Robert Köçəryan və Qagik Tsarukyanı sərt tənqid edib. O, Azərbaycanla sülh prosesinin qorunmasının 2026-cı il seçkilərinin əsas məsələsi olduğunu bildirib.

11

Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası zamanı ölkənin siyasi gündəmi, Azərbaycanla sülh prosesi və müxalifət liderləri ilə bağlı sərt açıqlamalar verib.

MSNews.az xəbər verir ki, “Armenpress”in məlumatına görə, Paşinyan Robert Köçəryan, Samvel Karapetyan və Qagik Tsarukyanı kəskin tənqid edərək onları “üçtərəfli müharibə partiyası” adlandırıb. Baş nazir iddia edib ki, bu siyasi qüvvələr seçkilərdə qalib gələcəkləri halda Ermənistanı yeni müharibə riskinə sürükləyə bilərlər.

Paşinyan çıxışında “məhkəmə-hüquq mafiyası” adlandırdığı sistemin ləğv edilməsinin vacibliyini də vurğulayıb. O bildirib ki, yeni Konstitusiya təşəbbüsü Ermənistanın məhkəmə sistemində köklü dəyişikliklər aparmaq və keçmiş siyasi təsir mexanizmlərini aradan qaldırmaq üçün əsas vasitələrdən biri kimi nəzərdən keçirilir.

Armenpress” yazır ki, Paşinyan xüsusilə keçmiş prezident Robert Köçəryanı və onun siyasi blokunu hədəf alıb. Baş nazir Köçəryanın siyasətdə müstəqil fəaliyyət göstərmədiyini, xarici siyasi himayə axtardığını iddia edib. Köçəryan və digər müxalifət nümayəndələri isə daha əvvəl bu cür ittihamları rədd ediblər.

Paşinyan Samvel Karapetyanı da sərt şəkildə tənqid edib. “Armenpress”ə istinadən qeyd edirik ki, Ermənistan Baş naziri Karapetyanı çirkli pulların yuyulması, məktəblər, uşaq bağçaları və hərbi hissələrdən elektrik enerjisi üzrə şişirdilmiş ödənişlər hesabına vəsait mənimsənilməsi ilə bağlı cavab verməli olduğunu iddia edib. Karapetyan “Tashir Group”a məxsus “Electric Networks of Armenia” şirkəti ilə əlaqələndirilir.

Məlumata görə, Karapetyan hazırda dövlət çevrilişinə çağırış ittihamı ilə ev dustaqlığındadır. O, ittihamları rədd edir və prosesi siyasi motivli adlandırır. Onun rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku isə parlament seçkilərində Paşinyanın əsas rəqiblərindən biri kimi təqdim olunur.

Paşinyan Azərbaycanla sülh prosesinə də toxunub. “Armenpress”in məlumatına görə, Baş nazir Ermənistan və Azərbaycan arasında sülhün qorunmasının 2026-cı il parlament seçkilərinin əsas suallarından biri olduğunu bildirib. O qeyd edib ki, sülh Ermənistanın müstəqilliyi, rifahı və dövlətçiliyinin davamlılığı üçün vacibdir.

Reuters”in məlumatına görə, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri Paşinyanın Azərbaycanla sülh gündəminin gələcəyi baxımından mühüm sınaq hesab olunur. Agentlik yazır ki, Paşinyan seçki kampaniyasında Ermənistanı “sülh qovşağı”na çevirmək və Azərbaycanla, eləcə də Türkiyə ilə sərhədlərin açılması xəttini davam etdirmək niyyətində olduğunu bildirir.

Paşinyan çıxışlarında Ermənistanın xarici siyasət balansına da toxunub. “Armenpress”in məlumatına görə, o, müxalifəti Avrasiya İqtisadi İttifaqı daxilində Ermənistan üçün problemlər yaratmaqda ittiham edib. Baş nazir eyni zamanda Rusiya ilə münasibətlərdə açıq qarşıdurmadan qaçacaqlarını, lakin Ermənistanın maraqlarını müdafiə edəcəklərini bildirib.

Paşinyan həmçinin Rusiya Prezidenti Vladimir Putinlə seçkilərdən sonra görüşməyi planlaşdırdığını açıqlayıb. “Armenpress” yazır ki, tərəflər iyunun 1-də telefon danışığı zamanı seçkilərdən sonra Moskvada görüşmək və gündəmdəki məsələləri müzakirə etmək barədə razılığa gəliblər.