Azərbaycanda çağırışaqədərki hazırlıq dövlət əhəmiyyətli fənn kimi tədris olunacaq

Azərbaycanda gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni Əsasnamə təsdiqlənib. Fənn dövlət əhəmiyyətli hesab ediləcək, şagirdlərin hərbi biliklərinin və vətənpərvərlik şüurunun inkişafına xüsusi diqqət yetiriləcək.

12

Azərbaycanda çağırışaqədərki hazırlıq dövlət əhəmiyyətli fənn kimi tədris olunacaq. Bununla bağlı Nazirlər Kabineti gənclərin hərbi xidmətə hazırlanmasının təşkili və keçirilməsi qaydalarını müəyyən edən yeni Əsasnaməni təsdiqləyib.

MSNews.az xəbər verir ki, Baş nazir Əli Əsədov noyabrın 24-də “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərar imzalayıb.

Yeni sənədə əsasən, çağırışaqədərki hazırlıq ümumi təhsil, peşə və orta ixtisas təhsili müəssisələrində dövlət əhəmiyyətli fənn kimi tədris ediləcək.

Əsasnamədə qeyd olunur ki, fənnin məqsədi gəncləri Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsinə hazırlamaq, onlarda vətənpərvərlik şüurunu və Vətənin müdafiəsinə görə məsuliyyət hissini formalaşdırmaqdır.

Bununla yanaşı, şagirdlərin gələcək hərbi xidmət üçün zəruri olan nəzəri biliklərə, praktiki bacarıqlara və fiziki hazırlığa yiyələnməsi nəzərdə tutulur.

Yeni qaydalara görə, tədris prosesi çağırışaqədərki hazırlıq rəhbərləri tərəfindən həyata keçiriləcək.

Təhsil müəssisələrinin direktorları fənnin tədrisinə, hərbi-vətənpərvərlik tədbirlərinin təşkilinə, eləcə də təlim silahları və sursatların müəyyən edilmiş qaydada saxlanılmasına görə şəxsən məsuliyyət daşıyacaqlar.

Şagirdlərə hərbi xidmətin hüquqi əsasları, Vətənin müdafiəsi ilə bağlı konstitusion vəzifələr və ilkin hərbi hazırlıq üzrə biliklər öyrədiləcək.

Əsasnaməyə əsasən, nümunəvi davranışı, intizamı və təlim nailiyyətləri ilə fərqlənən şagirdlər arasından təhsil müəssisəsi direktorunun əmri ilə taqım və manqa komandirləri təyin edilə bilər.

Həqiqi hərbi xidmət keçmiş, həmçinin əvvəlki təhsil müəssisəsində müvafiq hazırlıq proqramını tam başa vurmuş şəxslər bu dərslərə təkrar cəlb olunmayacaqlar.

Qərarla Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli, 119 nömrəli qərarı ilə təsdiqlənmiş əvvəlki “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi” də ləğv edilib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti