Amerikalı siyasi şərhçi Syuzan Kokindanın dünya maliyyə sisteminin köklü dəyişikliklər ərəfəsində olduğu barədə fikirləri diqqət çəkib. Kokinda mövcud bank sisteminin kvant texnologiyalarına əsaslanan yeni maliyyə infrastrukturu ilə əvəzlənəcəyini iddia edir.
MSNews.az xəbər verir ki, Kokinda son dövrlərdə beynəlxalq maliyyə sisteminin gələcəyi, rəqəmsal aktivlər və yeni monetar nizam barədə açıqlamalarla çıxış edir. Noyabrda yayımlanan müsahibəsində də qlobal maliyyə arxitekturasında mümkün dəyişikliklərdən danışıb.
Sosial şəbəkələrdə Kokindaya istinadən yayılan məlumatlarda kvant maliyyə sisteminin bütün vəsaitləri rəqəmsal formada saxlayacağı və onların real aktivlərlə təmin olunacağı iddia edilir.
Həmin məlumatlara görə, yeni sistemdə hər bir maliyyə əməliyyatı ən azı 50 qeyd vasitəsilə sənədləşdiriləcək, məlumatlar isə eyni vaxtda altı böyük server mərkəzində millisaniyələr ərzində saxlanılacaq.
Mövzu ilə əlaqədar israilli tarixçi və yazıçı Yuval Noy Harari adına da açıqlamalar yayılıb. Ona aid edilən sitatda gələcəkdə bankların puldan daha çox insanların şəxsi məlumatlarına nəzarət edəcəyi, biometrik məlumatların toplanmasının isə rəqəmsal valyutalara keçidlə əlaqəli olduğu bildirilir.
Bununla yanaşı, bank sektorunda kvant texnologiyaları istiqamətində real tədqiqatlar aparılır.
Beynəlxalq Hesablaşmalar Bankının 2025-ci ildə yayımladığı hesabatda maliyyə sistemlərinin gələcək kvant kompüterlərinin yarada biləcəyi kibertəhlükələrə hazırlanmasının vacibliyi vurğulanır. Bu sahədə əsas istiqamətlərdən biri kvant hücumlarına davamlı şifrələmə üsullarının inkişafıdır.
Avropa Mərkəzi Bankı da rəqəmsal avro layihəsi üzərində işləyir. Bununla belə, qurum rəqəmsal avronun mümkün ilk buraxılışını, müvafiq qanunvericilik qəbul ediləcəyi təqdirdə, 2029-cu il üçün nəzərdə tutur. Bu layihə sosial şəbəkələrdə təsvir olunan vahid kvant maliyyə sistemi ilə eyni deyil.