Azərbaycanda 2027-ci il yanvarın 1-dən qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan şəxslərin maaşından tutulan gəlir vergisinin dərəcələri artırılacaq. Yeni qaydalara əsasən, aylıq 2500 manatadək vergiyə cəlb olunan gəlirlərə tətbiq edilən dərəcə hazırkı 3 faizdən 5 faizə, 2028-ci ildən isə 7 faizə yüksələcək.
MSNews.az xəbər verir ki, dəyişikliklər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində əksini tapıb.
Dövlət Vergi Xidmətinin rəsmi məlumatına əsasən, 2019-cu ildən özəl sektor işçilərinə tətbiq edilən yeddiillik gəlir vergisi güzəşti 2025-ci ilin sonunda başa çatıb. Bunun əvəzinə 2026-cı ildən mərhələli vergitutma mexanizmi tətbiq olunur.
Yeni dərəcələr 2027-ci il yanvarın 1-dən dekabrın 31-dək qüvvədə olacaq.
| Vergiyə cəlb olunan aylıq gəlir | Gəlir vergisi |
| 2500 manatadək | 5% |
| 2500–8000 manat | 125 manat + 2500 manatdan artıq hissənin 10%-i |
| 8000 manatdan çox | 675 manat + 8000 manatdan artıq hissənin 14%-i |
2028-ci ildən vergi daha da artacaq
2028-ci il yanvarın 1-dən növbəti mərhələyə keçid nəzərdə tutulur.
| Vergiyə cəlb olunan aylıq gəlir | Gəlir vergisi |
| 2500 manatadək | 7% |
| 2500–8000 manat | 175 manat + 2500 manatdan artıq hissənin 10%-i |
| 8000 manatdan çox | 725 manat + 8000 manatdan artıq hissənin 14%-i |
Beləliklə, 2500 manatadək gəlirlər üçün vergi dərəcəsi üç il ərzində mərhələli şəkildə artırılır: 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7%.
Dəyişikliklərin təsirini göstərmək üçün əsas iş yerində çalışan və əlavə vergi güzəştləri olmayan şəxslərin nümunəvi hesablamalarına baxaq.
| Aylıq maaş | 2026-cı il | 2027-ci il | 2028-ci il |
| 500 manat | 9 ₼ | 15 ₼ | 21 ₼ |
| 1000 manat | 24 ₼ | 40 ₼ | 56 ₼ |
| 1500 manat | 39 ₼ | 65 ₼ | 91 ₼ |
| 2000 manat | 54 ₼ | 90 ₼ | 126 ₼ |
| 2500 manat | 69 ₼ | 115 ₼ | 161 ₼ |
| 3000 manat | 125 ₼ | 175 ₼ | 225 ₼ |
| 5000 manat | 325 ₼ | 375 ₼ | 425 ₼ |
Hesablamalarda aylıq gəlir 2500 manatadək olduqda əsas iş yeri üzrə 200 manatlıq gəlir vergisi azadolması nəzərə alınıb. Sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta tutulmaları daxil deyil.
Məsələn, aylıq 1000 manat əməkhaqqı alan şəxsin gəlir vergisi 2026-cı ildə 24 manat, 2027-ci ildə 40 manat, 2028-ci ildə isə 56 manat təşkil edəcək.
Bu isə digər şərtlər dəyişmədiyi halda, həmin işçinin yalnız gəlir vergisi hesabına 2027-ci ildə ayda 16 manat, 2028-ci ildə isə 2026-cı illə müqayisədə 32 manat daha çox ödəyəcəyi deməkdir.
Yeni qaydalar kimlərə şamil edilir?
Burada vacib məqam odur ki, 5 və 7 faizlik yeni dərəcələr bütün işçilərə deyil, neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor işçilərinə aiddir.
Dövlət sektorunda və neft-qaz sahəsində çalışanlar üçün Vergi Məcəlləsinin digər müddəaları tətbiq olunur.
Bundan əlavə, əsas iş yerində aylıq gəliri 2500 manatadək olan şəxslər üçün 200 manatlıq vergi azadolması qüvvədə qalır.
Beləliklə, 2027-ci ildən nəzərdə tutulan artım artıq qanunvericilikdə müəyyən edilmiş mərhələli vergi mexanizminin növbəti hissəsidir.