Tbilisidə dəhşətli partlayış: 6 nəfər öldü, uşaqlar da var

Tbilisidə beşmərtəbəli yaşayış binasında qaz partlayışı nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb. Dağıntılar altından 3 yaşlı uşaq sağ çıxarılıb. Azərbaycan XİN Gürcüstana başsağlığı verib.

25

Gürcüstanın paytaxtı Tbilisinin Poniçala qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən güclü partlayış nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb. Ölənlər arasında iki uşaq da var. Təxminən 12 saat davam edən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

MSNews.az xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci Kanal” telekanalı məlumat yayıb.

Noyabrın 19-da səhər saatlarında baş verən partlayış binanın bir hissəsinin çökməsinə səbəb olub. Dağıntılar altında qalan yeddi nəfərdən yalnız biri – 3 yaşlı qız uşağı sağ çıxarılıb. Həlak olanların üçü qadın, biri kişi, ikisi isə uşaqdır.

Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Xilas edilən üçyaşlı qızın vəziyyəti isə qənaətbəxşdir.

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvilinin sözlərinə görə, ilkin ehtimala əsasən, partlayış beşinci mərtəbədə qaz qızdırıcısının işə salınması zamanı baş verib. Hadisənin dəqiq səbəbi araşdırılır.

Tbilisi meri Kaxa Kaladze binanın təhlükəsizliyinin qiymətləndirildiyini və 28 ailənin müvəqqəti başqa yerə köçürüləcəyini açıqlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi də faciə ilə bağlı Gürcüstana başsağlığı verib.

“Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayışdan dərin kədər hissi keçiririk. Yaxınlarını itirən ailələrə səmimi başsağlığımızı bildirir, fikirlərimizin bu faciədən zərər çəkən hər kəslə olduğunu vurğulayırıq”, – deyə nazirliyin “X” hesabındakı paylaşımında bildirilib. XİN həmçinin yaralananlara tezliklə sağalmağı arzulayıb.