Kandinskinin tablosu rekord qiymətə satıldı – 85,8 milyon dollar!

Vasili Kandinskinin “Vurğulanmış bucaqlar” əsəri Nyu-Yorkda “Christie's” hərracında 85,8 milyon dollara satılıb. Bu, rəssamın əsərləri üçün yeni hərrac rekordudur.

26

Məşhur rəssam Vasili Kandinskinin “Vurğulanmış bucaqlar” (Betonte Ecken) tablosu ABŞ-nin Nyu-York şəhərində keçirilən hərracda 85,8 milyon dollara satılaraq rəssamın əsərləri arasında yeni qiymət rekordu müəyyənləşdirib.

MSNews.az xəbər verir ki, noyabrın 17-də Rokfeller Mərkəzində təşkil olunan “Christie’s” hərracında 1922–1923-cü illərdə çəkilmiş əsər 85 milyon 780 min dollara alıcı tapıb.

“Artsy” nəşrinin məlumatına görə, hərrac 54 milyon dollardan başlayıb və üç iştirakçının rəqabəti nəticəsində tablonun qiyməti 74 milyon dollara yüksəlib. Komissiya daxil olmaqla yekun məbləğ 85,8 milyon dollar təşkil edib. Alıcının kimliyi açıqlanmayıb.

Əvvəlki rekord 2023-cü ildə 44,8 milyon dollara satılan “Murnau kilsə ilə II” əsərinə məxsus idi. Beləliklə, Kandinskinin hərrac rekordu təxminən iki dəfə yenilənib.

“The Art Newspaper” nəşrinin məlumatına görə, tablo vaxtilə Quggenhaym Muzeyinin ilk direktoru Hilla fon Rebayın kolleksiyasında olub.

“Vurğulanmış bucaqlar” həmin gecə keçirilən hərracın ən bahalı əsəri olub. “Christie’s”in açıqlamasına əsasən, ümumilikdə 626,6 milyon dollarlıq satış həyata keçirilib.