Azərbaycanda saxta baxış yığan saytların maliyyəsi kəsiləcək

Azərbaycanda dövlət dəstəyi alan media qurumlarına nəzarət gücləndirilir. Saytların baxış və sosial şəbəkə göstəricilərinin süni artırılması aşkarlanarsa, maliyyə yardımı dayandırılacaq.

19

Azərbaycanda dövlət maliyyə dəstəyi alan media qurumlarının internet saytları və sosial şəbəkə hesabları üzərində nəzarət gücləndiriləcək. Baxış və izləyici sayını süni şəkildə artıran media subyektlərinin maliyyə yardımı dayandırılacaq, pozuntu təkrarlandıqda isə müqavilələrinə xitam veriləcək.

MSNews.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli “APA” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yenilənmiş müsabiqə qaydalarına əsasən, onlayn media qurumlarının fəaliyyəti üç istiqamət üzrə qiymətləndiriləcək: 50 faiz ekspert rəyi, 25 faiz saytın baxış göstəriciləri, 25 faiz isə sosial şəbəkə aktivliyi.

Qiymətləndirmə “X”, “Instagram”, “TikTok”, “Facebook”, “Telegram” və “YouTube” platformalarını əhatə edəcək. Bu zaman izləyici sayı, paylaşımlara reaksiyalar və auditoriyanın fəallığı nəzərə alınacaq.

Natiq Məmmədli bildirib ki, proqram təminatı və digər vasitələrlə süni şəkildə artırılan baxış, izləyici və aktivlik göstəriciləri qiymətləndirməyə daxil edilməyəcək.

Belə hallar maliyyələşmə dövründə aşkarlanarsa, media qurumuna yazılı xəbərdarlıq ediləcək və həmin ay üzrə ödəniş dayandırılacaq. Pozuntu ikinci dəfə təkrarlandıqda müqaviləyə xitam veriləcək və media subyekti növbəti yarımillik müsabiqəyə buraxılmayacaq.

Yeni qaydalara əsasən, jurnalistlərin fərdi müsabiqələrə təqdim etdikləri materialların sosial şəbəkələrdəki göstəriciləri də qiymətləndiriləcək. Müəlliflərin şəxsi hesablarında paylaşdıqları yazıların bəyənmə, şərh, təkrar paylaşım və saxlanma sayı nəzərə alınacaq.

Bundan əlavə, media saytlarının informasiya təhlükəsizliyi, yüklənmə sürəti, mobil uyğunluğu və texniki dayanıqlılığı da qiymətləndirmənin əsas meyarları arasında olacaq.