Qırğızıstanda dini bloqerlər üçün xüsusi vəsiqə tələbi tətbiq edilir

Qırğızıstanda internetdə dini mövzuda fəaliyyət göstərən bloqerlər və sosial şəbəkə istifadəçiləri birillik xüsusi vəsiqə almalı olacaqlar.

77

Qırğızıstanda internet və sosial şəbəkələrdə dini mövzuda fəaliyyət göstərən bloqerlər üçün xüsusi vəsiqə sistemi tətbiq edilir. Dini məzmun yayan şəxslər fəaliyyətlərini davam etdirmək üçün dini təhsillərini təsdiqləməli və dövlət qurumundan bir il müddətinə qüvvədə olan vəsiqə almalıdırlar.

MSNews.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti yanında Din və Etnik Münasibətlər üzrə Milli Agentliyin baş mütəxəssisi Nurqazı Qırğızbayev “Birinçi Radio”nun efirində açıqlayıb.

Onun sözlərinə görə, qanunvericilikdə “dini təbliğatçı” anlayışı müəyyənləşdirilib. Dini mövzuda bloq aparmaq istəyən şəxslər əvvəlcə Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinə müraciət etməli, dini təhsillərinin olduğunu təsdiqləməli və hansı istiqamətdə fəaliyyət göstərəcəklərini bildirməlidirlər. Bundan sonra Milli Agentliyə müraciət edilərək xüsusi vəsiqə alınmalıdır.

Tələb yalnız ənənəvi bloqerlərlə məhdudlaşmır. Qırğızbayev bildirib ki, dini mövzuda podkast hazırlayan, öz dini fəaliyyətindən danışan və ya moizə ilə çıxış edən şəxslər də yeni qaydaları nəzərə almalıdırlar.

Vəsiqə bir il müddətinə qüvvədə olacaq. Rəsminin sözlərinə görə, həmin müddətdə bloqer qanunvericiliyin tələblərini pozarsa və ya dövlət qurumunun “yanlış ideologiya” kimi qiymətləndirdiyi məzmun yayarsa, vəsiqəsinin qüvvəsi məhdudlaşdırıla bilər. Belə halda müddət başa çatdıqdan sonra həmin şəxsə yeni vəsiqənin verilməyəcəyi bildirilir.

Qırğızıstan hakimiyyəti eyni zamanda internetdə dini məzmun üzərində monitorinqi gücləndirib. Milli Agentliyin mətbuat katibi Junusaalı Mırzəliyev bildirib ki, qurumun nəzdindəki xüsusi tədqiqat mərkəzi sosial şəbəkələrdə dini paylaşımları izləyir və mütəmadi analitik hesabatlar hazırlayır. Qanun pozuntusu aşkarlandıqda isə materiallar aidiyyəti dövlət orqanlarına təqdim oluna bilər.

Qeyd edək ki, Qırğızıstan hökuməti 2025-ci ildə dini fəaliyyətin tənzimlənməsi ilə bağlı yeni qaydalar da təsdiqləyib. Həmin hüquqi çərçivə dini materialların hazırlanması və yayılması, dini ekspertiza və dini təhsil sahələrini əhatə edir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.