İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

Prezident İlham Əliyev Monteneqronun Baş naziri Miloyko Spayiçi qəbul edib. Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi, investisiyalar, enerji və turizm sahələrində əməkdaşlıq müzakirə olunub.

13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya layihələri və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

MSNews.az xəbər verir ki, Prezidentin rəsmi internet səhifəsində yayımlanan məlumata əsasən, dövlət başçısı Azərbaycanla Monteneqronun uzun illərdir dost və tərəfdaş ölkələr olduğunu vurğulayıb.

İlham Əliyev iki ölkə arasında yüksək səviyyəli münasibətlərin formalaşdığını bildirib. O, 2027-ci ildə Monteneqro Prezidentinin Azərbaycana rəsmi səfərinin nəzərdə tutulduğunu açıqlayaraq bunun siyasi, iqtisadi və investisiya sahələrində əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib.

Monteneqronun Baş naziri Miloyko Spayiç Bakıda olmaqdan məmnunluğunu ifadə edərək ölkəsinin Azərbaycanla münasibətləri daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.

Spayiç Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirərək Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu vurğulayıb. Prezident ölkəsinin Cənubi Qafqazda davamlı sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini qeyd edib.

Görüş zamanı iqtisadi əməkdaşlıq məsələlərinə də xüsusi diqqət ayrılıb. Monteneqronun Baş naziri Azərbaycanın ölkəsinə yatırdığı böyük sərmayələrin Monteneqro iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib.

Tərəflər Azərbaycanın Monteneqroda həyata keçirdiyi investisiya layihələrinin genişləndirilməsi üçün əlavə imkanların olduğunu qeyd ediblər.

Baş nazir iki ölkə arasında turist axınının artmasına da toxunaraq Azərbaycan və Monteneqro vətəndaşlarının qarşılıqlı səfərlər zamanı özlərini rahat hiss etdiklərini vurğulayıb.

Danışıqlarda infrastruktur layihələri, enerji təchizatı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30