ABŞ-ın İran aviasiya sektoruna qarşı yeni sanksiyaları qüvvəyə mindikdən sonra İran aviaşirkətlərinin Körfəz ölkələrinə uçuş imkanları ciddi şəkildə məhdudlaşmağa başlayıb. Birləşmiş Ərəb Əmirlikləri sentyabrın 24-dən İran aviaşirkətlərinin ölkəyə və ölkədən bütün reyslərini qeyri-müəyyən müddətə dayandırıb.
MSNews.az xəbər verir ki, BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi qərarın ABŞ-ın İran aviaşirkətlərinin müxtəlif ölkələrin hava limanlarından istifadəsinə qarşı tətbiq etdiyi məhdudiyyətlər fonunda qəbul edildiyini rəsmən açıqlayıb.
Sentyabrın 24-də Dubay və Əbu-Dabi hava limanlarının onlayn cədvəllərində İran istiqamətində gəliş və uçuşlar görünməyib.
“Reuters”-in məlumatına görə, İranın “Qeshm Air” və “Varesh Airlines” şirkətlərinin saytlarında da BƏƏ-yə nəzərdə tutulan reyslər ləğv edilmiş kimi göstərilib. İranın ISNA agentliyi isə BƏƏ istiqamətində İran aviaşirkətlərinin bütün uçuşlarının dayandırıldığını bildirib.
Vaşinqton sentyabrın 8-də İranın aviasiya sektoruna qarşı genişmiqyaslı sanksiyalar elan edərək daha 27 İran aviaşirkətini sanksiya siyahısına daxil edib. ABŞ Maliyyə Nazirliyi bu daşıyıcıların və onlara xidmət göstərən xarici vasitəçilərin İranın aviasiya sektorunun fəaliyyətini davam etdirməsinə kömək etdiyini bildirir.
ABŞ maliyyə naziri Skott Bessent daha sonra xarici hava limanları və xidmət şirkətlərinə xəbərdarlıq edib ki, İran daşıyıcılarına yanacaq, yerüstü xidmət və bilet satışı kimi xidmətlər göstərən qurumlar ABŞ dolları əsaslı maliyyə sistemindən kənarlaşdırılmaq riski ilə üzləşə bilərlər. Bu təhdid sentyabrın 23-dən bir sıra ölkələrdə uçuşların dayandırılmasına səbəb olub.
Məhdudiyyətlər təkcə BƏƏ ilə kifayətlənmir. Son günlər Azərbaycan, Gürcüstan və Oman İran daşıyıcılarının reyslərinə məhdudiyyətlər tətbiq edib, İraqda isə Bağdad, Nəcəf, Ərbil və Süleymaniyyə hava limanlarında İranla uçuşlar dayandırılıb.
Bununla belə, İran tam hava təcridinə düşməyib. Sentyabrın 25-nə olan məlumatlara görə, bəzi İran daşıyıcılarının Türkiyə, Çin və Ermənistan istiqamətlərində reysləri davam edib. Əvvəlki cədvəllərdə Əfqanıstan və digər istiqamətlər də qalırdı, lakin sanksiyaların genişlənməsi fonunda marşrutların davamlılığı qeyri-müəyyən olaraq qalır.
Tehran isə qonşu ölkələri ABŞ məhdudiyyətlərinə qoşulmamağa çağırıb. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi dövlət televiziyasına bildirib ki, İran reyslərinin qarşısını alan ölkələrin hava limanlarının da fəaliyyət göstərə bilməməsini Tehran təmin edəcək. O, bunun necə həyata keçiriləcəyini açıqlamayıb.
Sentyabrın 26-da İranın ali rəhbərinin müşaviri Məhəmməd Moxber də oxşar mövqe nümayiş etdirərək bildirib: “Ya regionda hava nəqliyyatı hamı üçün mümkün olacaq, ya da heç kim üçün.” Onun sözlərinə görə, İran təyyarələri uça və hava limanı xidmətləri ala bilməsə, regiondakı digər ölkələr də eyni imkanlardan istifadə edə bilməməlidir.
Yeni məhdudiyyətlər İranın beynəlxalq hava əlaqələrini əhəmiyyətli şəkildə daraltsa da, hazırda ölkənin bütün xarici aviareyslərinin tam dayandırılmasından söhbət getmir.