Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşviliyə hökm oxundu

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili cinayət yolu ilə əldə etdiyi vəsaiti gizlətməkdə təqsirləndirilərək 5 il həbs və 1 milyon lari cərimə ilə cəzalandırılıb. Prokurorluq onun cinayət gəlirlərinin müsadirə olunacağını açıqlayıb.

19

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib və əlavə olaraq 1 milyon lari cərimə ilə cəzalandırılıb.

Gürcüstan Baş Prokurorluğunun açıqlamasına görə, Qaribaşvili törətdiyi cinayəti tam şəkildə etiraf edib və prokurorluqla prosesual razılaşma imzalayıb. Bu razılaşma məhkəmə tərəfindən qəbul edilib.

Prokurorluq bildirir ki, Qaribaşvili cinayət yolu ilə əldə etdiyi vəsaitləri də dövlət xeyrinə müsadirə olunacaq. Cinayət işi 194-cü maddənin 3-cü hissəsi üzrə – böyük miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması – açılıb.

Araşdırmalar göstərib ki, Qaribaşvili Gürcüstan hökumətinin üzvü olduğu dövrdə gizli biznes fəaliyyəti ilə məşğul olub ki, bu da qanunla qadağan olunub. O, böyük miqdarda qeyri-qanuni gəlirlər əldə edib və bunların mənşəyini gizlətmək üçün öz gəlir bəyannamələrində bu məbləğləri qohumlarından hədiyyə kimi göstərib.

Qaribaşvili 2013-2015 və 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub. Həmçinin, o, müxtəlif dövrlərdə daxili işlər və müdafiə naziri vəzifələrində çalışıb. Onun atası – 73 yaşlı Tariyel Qaribaşvili tərəfindən baş nazirlə bağlı edilən “hədiyyələr” uzun müddət jurnalistlərin diqqət mərkəzində olub. Baş nazir isə bunu ailəsinin varlı və bacarıqlı olduğunu izah edərək müdafiə edib.

Müxalifət isə bu işi “Gürcü Arzusu” partiyası daxilindəki klan mübarizəsi ilə əlaqələndirir və illərdir medianın qohumlardan gələn “qeyri-adi hədiyyələr” barədə xəbərdarlıqlarına baxmayaraq, yalnız son dövrlərdə reaksiya verildiyini vurğulayır.