Avropa Siyasi Birliyinin VIII Sammiti üçün liderlər İrəvana toplaşır

İrəvanda Avropa Siyasi Birliyinin VIII Sammiti keçirilir. Toplantıya 48 ölkə dəvət olunub, Fransa, Ukrayna, Böyük Britaniya, Kanada və Aİ rəhbərləri daxil olmaqla çoxsaylı liderlər Ermənistana gəlib.

7

Ermənistanın paytaxtı İrəvanda Avropa Siyasi Birliyinin VIII Sammiti keçirilir. Avropa Şurasının rəsmi məlumatına görə, mayın 4-də baş tutan toplantı “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” devizi altında təşkil olunub. Sammitə 48 dövlət və hökumət başçısı dəvət edilib. Görüşə Avropa Şurasının Prezidenti Antonio Koşta və Ermənistanın Baş naziri Nikol Paşinyan həmsədrlik edir.

Sammitdə demokratik dayanıqlılığın gücləndirilməsi, nəqliyyat və kommunikasiya bağlantılarının inkişafı, iqtisadi və enerji təhlükəsizliyi, həmçinin dəyişən təhlükəsizlik mühitində regional çağırışlara cavab məsələləri müzakirə olunacaq. Toplantı həm də ilk dəfə keçiriləcək Aİ-Ermənistan ikitərəfli sammitindən əvvəl baş tutur.

İrəvana artıq Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Kanada Baş naziri Mark Karni, Polşa Baş naziri Donald Tusk, Gürcüstan Baş naziri İrakli Kobaxidze, Moldova Prezidenti Maya Sandu, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının Prezidenti Antonio Koşta, Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da daxil olmaqla çoxsaylı lider və beynəlxalq təşkilat rəhbərləri gəlib.

Bu sammitin diqqətçəkən məqamlarından biri Kanadanın iştirakı ilə bağlıdır. Avropa Şurası bildirib ki, Kanada Baş naziri Mark Karni Avropa Siyasi Birliyi sammitində qonaq qismində iştirak edir və bu, Avropadan kənar bir ölkənin bu formatda ilk iştirakı olacaq. 

İrəvan sammiti Ermənistan üçün diplomatik baxımdan mühüm hadisə kimi qiymətləndirilir. “JAMnews” yazır ki, tədbirdə 50-yə yaxın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı gözlənilir və bu, Cənubi Qafqazda keçirilən ən böyük Avropa liderləri toplantılarından biri hesab olunur. Sammit fonunda Ermənistan-Aİ münasibətlərinin dərinləşməsi, regional təhlükəsizlik və kommunikasiya xətləri mövzuları xüsusi önəm daşıyır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031