Tovuzda ağır qəza: Sürücü öldü, ailəsinin 5 üzvü yaralandı

Tovuzun Yanıqpəyə kəndində sürücülük hüququ olmayan şəxsin idarə etdiyi avtomobil su kanalına aşıb. Sürücü Şakir Hüseynov ölüb, ailəsinin beş üzvü, o cümlədən iki azyaşlı xəsarət alıb.

11

Tovuz rayonunun Yanıqpəyə kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürücülük hüququ olmayan şəxsin idarə etdiyi “VAZ-2106” markalı avtomobil su kanalına aşıb. Nəticədə sürücü həyatını itirib, ailəsinin beş üzvü, o cümlədən iki azyaşlı xəsarət alıb.

MSNews.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, qəza noyabrın 23-də saat 13:11 radələrində baş verib.

Gədəbəy rayon sakini Şakir Hüseynov idarəetməni itirərək avtomobili yoldan çıxarıb və su kanalına aşırıb. Sürücü hadisə yerində həyatını itirib.

Avtomobildə olan həyat yoldaşı Püstə Hüseynova, oğlu Xəyal Hüseynov, gəlini, həmçinin 4 və 2 yaşlı iki nəvəsi müxtəlif dərəcəli xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

“APA” agentliyinin tibbi quruma istinadən yaydığı məlumata əsasən, yaralılardan dördünün vəziyyəti stabil, kəllə-beyin travması alan azyaşlının vəziyyəti isə orta ağır qiymətləndirilib.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünün meyitini avtomobildən çıxarıb və aidiyyəti qurumlara təhvil veriblər.

İlkin ehtimala görə, qəzaya sərt döngədə sürətin düzgün seçilməməsi səbəb olub. Hadisənin dəqiq başvermə şəraiti araşdırılır.