Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edib. Yeni məhdudiyyətlər 60 Rusiya bankını, enerji infrastrukturunu, hərbi əməliyyat iştirakçılarının Avropaya səfərlərini və Rusiya idmançılarının milli bayraq altında yarışmasını əhatə edir.
MSNews.az xəbər verir ki, Avropa Komissiyasının noyabrın 23-də yaydığı rəsmi açıqlamaya əsasən, yeni paket Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağa yönəlib.
Maliyyə sektorunda daha 60 Rusiya bankına əməliyyat qadağasının tətbiqi və onların SWIFT beynəlxalq ödəniş məlumatlaşma sistemindən çıxarılması təklif olunur. Kriptovalyuta platformalarına və sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkə strukturlarına qarşı nəzarət də gücləndiriləcək.
Enerji sektorunda Avropa şirkətlərinin Rusiyada enerji obyektlərinin, o cümlədən neft emalı zavodlarının tikintisi, təmiri və istismarına xidmət göstərməsinin qadağan edilməsi nəzərdə tutulur. Məhdudiyyətlər ilk dəfə elektrik enerjisi xidmətlərini də əhatə edəcək. Rusiyanın kölgə donanmasına aid 70-dən çox əlavə gəminin sanksiya siyahısına salınması planlaşdırılır.
Yeni təkliflərə əsasən, Ukraynaya qarşı müharibədə iştirak etmiş Rusiya hərbçilərinə Aİ vizalarının verilməsi qadağan ediləcək. Rusiya idmançılarının və komandalarının Aİ ərazisində Rusiya bayrağı altında yarışması, həmçinin rəsmi dövlət simvollarının idman tədbirlərində nümayiş etdirilməsi məhdudlaşdırılacaq.
Bundan başqa, Aİ vətəndaşlarının Rusiyadakı şirkətlərin idarəetmə orqanlarında vəzifə tutmasına, Rusiya sponsorlarından Avropanın idman və mədəniyyət təşkilatlarına maliyyə axınına əlavə məhdudiyyətlər təklif edilir.
“Reuters” və “Associated Press” agentliklərinin məlumatına görə, 22-ci sanksiyalar paketi hələlik təklif mərhələsindədir. Məhdudiyyətlərin tam qüvvəyə minməsi üçün Aİ Şurasında müvafiq qərarların qəbul edilməsi tələb olunur.