İrandan TRIPP layihəsinə sərt təhdid: “Hörmüz boğazından dərs alın!”

İranın ali rəhbərinin müşaviri Məhəmməd Moxber TRIPP layihəsini “saxta marşrut” adlandırıb. O, İranın regional geosiyasi maraqlarının qırmızı xətt olduğunu bildirərək Hörmüz boğazını nümunə göstərib.

15

İranın ali rəhbərinin müşaviri Məhəmməd Moxber Azərbaycanı Naxçıvanla birləşdirməyi nəzərdə tutan TRIPP layihəsinə qarşı sərt xəbərdarlıq edib. O, layihəni “saxta marşrut” adlandıraraq İranın geosiyasi maraqlarının pozulmasına imkan verilməyəcəyini bildirib.

MSNews.az  “Tasnim” və “NEWS.am” nəşrlərinə istinadən xəbər verir ki, Moxber noyabrın 23-də sosial şəbəkə hesabında TRIPP layihəsinin praktiki icrasına başlanmasına münasibət bildirib.

“Saxta marşrutlar heç vaxt real dəhlizləri əvəz edə bilməz. İstər İranın cənubunda, istərsə də şimalında — Hörmüz boğazı və ya TRIPP (Zəngəzur) olsun”, – deyə Moxber qeyd edib.

İran rəsmisi paylaşımında ölkəsinin regional maraqlarına toxunaraq daha sərt ifadələr işlədib:

“İranın regiondakı geosiyasi maraqları bizim qırmızı xəttimizdir və onların yan keçilməsinə imkan verməyəcəyik. Hörmüz boğazından dərs alın!”

“Iran International” nəşrinin məlumatına görə, açıqlama Ermənistanın Baş naziri Nikol Paşinyanın TRIPP layihəsinin praktiki mərhələsinə başlanıldığını elan etməsindən sonra səsləndirilib.

TRIPP layihəsi Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının yaradılmasını, eləcə də regional ticarət və tranzit imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Tehran layihənin İranın regional tranzit imkanlarını zəiflədə və Cənubi Qafqazda ABŞ-nin təsirini artıra biləcəyindən narahatdır. İran rəsmiləri daha əvvəl də ölkənin sərhədləri yaxınlığında xarici qüvvələrin mümkün iştirakına etiraz ediblər.

Moxberin Hörmüz boğazına istinad etməsi sərt siyasi xəbərdarlıq kimi qiymətləndirilir. Bununla belə, o, TRIPP layihəsinə qarşı konkret hərbi əməliyyatın başlanacağını elan etməyib.