Bakının Nizami rayonunda baş verən güclü yanğını işıqlandıran “APA TV”-nin müxbiri Sənan Bəhrəmli fiziki hücuma məruz qalıb. Jurnalistə xəsarət yetirməkdə və onun peşə fəaliyyətinə mane olmaqda şübhəli bilinən mühafizəçi polis tərəfindən saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.
MSNews.az xəbər verir ki, hadisə oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Davud Aslan küçəsində, fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materialların yığıldığı sahədə baş verən yanğın zamanı qeydə alınıb.
“APA” agentliyinin məlumatına görə, çəkiliş aparan müxbirə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edərək ona fiziki xəsarət yetirib, ağır ifadələrlə təhqir edib və telekanala məxsus texniki avadanlığı zədələyib.
Sonradan həmin şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib. Hadisə yerindəki polis əməkdaşlarının müdaxiləsi nəticəsində o, ərazidən uzaqlaşdırılıb, jurnalistdən isə ilkin izahat alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Trend”agentliyinə bildirilib ki, jurnalistə fiziki zor tətbiq edilməsi və peşə fəaliyyətinə mane olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.