Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Tacikistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutundan çıxmaq üçün BMT-yə rəsmi bildiriş göndərib. Qərar 2027-ci il noyabrın 20-də qüvvəyə minəcək. Avropa İttifaqı Düşənbəni qərarına yenidən baxmağa çağırıb.

9

Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq qərarına gəlib. Düşənbə noyabrın 20-də Roma Statutundan çıxması barədə Birləşmiş Millətlər Təşkilatına rəsmi bildiriş təqdim edib. Qərar bir il sonra – 2027-ci il noyabrın 20-də qüvvəyə minəcək.

MSNews.az xəbər verir ki, BMT-nin beynəlxalq müqavilələr reyestrində Tacikistanın Roma Statutundan çıxmaq barədə bildirişi qeydə alınıb. Sənədə əsasən, ölkə 2027-ci ilin noyabrına qədər məhkəmənin üzvü olaraq qalacaq.

Qərar Rusiya Prezidenti Vladimir Putinin Tacikistana səfərləri və onun barəsində Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs orderi fonunda diqqət çəkib.

2023-cü ilin martında BCM Vladimir Putinin həbsinə order verib. Məhkəmə onu Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyası və köçürülməsi ilə bağlı iddia olunan hərbi cinayətlərdə məsuliyyət daşımaqda şübhəli bilir. Moskva isə ittihamları rədd edir və məhkəmənin yurisdiksiyasını tanımır.

Putin 2025-ci ilin oktyabrında Düşənbəyə səfər etsə də, Tacikistan hakimiyyəti onun həbsini həyata keçirməyib.

2026-cı il martın 19-da BCM Tacikistanın Putinin həbsi və məhkəməyə təhvil verilməsi ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi qənaətinə gəlib.

Rusiya Prezidenti 2026-cı il noyabrın 19–20-də də Tacikistana səfər edib. Avropa İttifaqının Xarici Əlaqələr Xidməti noyabrın 22-də yaydığı bəyanatda Düşənbənin Putin haqqında həbs orderini icra etməməsini tənqid edib.

Noyabrın 23-də Avropa İttifaqı Tacikistanın Roma Statutundan çıxmaq qərarından təəssüfləndiyini bildirərək ölkəni bu addımdan imtina etməyə çağırıb. Aİ vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsi dövlətlərin suverenliyini hədəfə almır və beynəlxalq cinayətlərə görə məsuliyyətin təmin edilməsinə xidmət edir.

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna üzv dövlətlərin Assambleyası da noyabrın 23-də Tacikistanın qərarından narahatlığını ifadə edib.

Qeyd edək ki, Roma Statutunun 127-ci maddəsinə əsasən, ölkənin müqavilədən çıxması əvvəlki dövrdə yaranmış hüquqi öhdəliklərini avtomatik ləğv etmir. Tacikistan çıxma proseduru tamamlanana qədər Roma Statutunun iştirakçısı olaraq qalır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti