Afrika Millətlər Kubokunun çempionu dəyişdi – Seneqal qalib elan olundu

İdman Arbitraj Məhkəməsi Seneqalın apellyasiya şikayətini təmin edərək Afrika Millətlər Kubokunun çempionluğunu ona qaytarıb. Məhkəmə Mərakeşin xeyrinə verilmiş 3:0 hesablı texniki qələbə qərarını ləğv edib.

13

İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci il Afrika Millətlər Kubokunun çempionluğu ilə bağlı mübahisəyə yekun vurub. Məhkəmə Seneqal Futbol Federasiyasının apellyasiya şikayətini təmin edərək ölkənin milli komandasını turnirin qalibi kimi tanıyıb. Bununla da Mərakeşə verilmiş çempionluq ləğv olunub.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin noyabrın 24-də yaydığı məlumata görə, CAS Afrika Futbol Konfederasiyasının (CAF) Seneqala texniki məğlubiyyət verilməsi barədə qərarını ləğv edib.

Xatırladaq ki, 2026-cı il yanvarın 18-də Mərakeşin paytaxtı Rabatda keçirilən finalda Seneqal yığması ev sahibi Mərakeşi əlavə vaxtda 1:0 hesabı ilə məğlub etmişdi.

Lakin qarşılaşmanın son dəqiqələrində qalmaqal yaşanmışdı. Hakimin Mərakeşin xeyrinə penalti təyin etməsindən sonra Seneqal futbolçuları etiraz əlaməti olaraq meydanı müvəqqəti tərk etmişdilər.

Daha sonra komanda meydana qayıtmış, Mərakeşin futbolçusu Brahim Dias penaltini dəqiq yerinə yetirə bilməmişdi. Əlavə vaxtda isə Pap Qeye qələbə qolunu vuraraq Seneqala çempionluq qazandırmışdı.

Buna baxmayaraq, martın 17-də CAF-ın Apellyasiya Komitəsi Seneqalın meydanı tərk etməsini əsas gətirərək komandaya 0:3 hesablı texniki məğlubiyyət vermiş və Mərakeşi turnirin qalibi elan etmişdi.

Seneqal Futbol Federasiyası qərarla razılaşmayaraq İdman Arbitraj Məhkəməsinə müraciət etmişdi.

CAS noyabrın 24-də açıqladığı qərarda matçın bərpası barədə hakimin qərarının meydandakı oyun qərarlarına dair hüquqi prinsip çərçivəsində olduğunu əsas götürərək Seneqalın şikayətini təmin edib. Beləliklə, finalın meydanda qeydə alınmış 1:0 hesablı nəticəsi qüvvədə saxlanılıb.

Nəticədə Seneqal tarixində ikinci dəfə Afrika Millətlər Kubokunun çempionu statusunu rəsmən geri qazanıb. Komanda ilk dəfə 2021-ci il turnirində qalib olmuşdu.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti