Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında aparılan araşdırmalar zamanı Nuhun gəmisi ilə əlaqələndirilən ərazidə təxminən 4300 illik ağac qalıqlarının aşkarlandığı açıqlanıb. ABŞ laboratoriyasında aparılan ilkin radiokarbon analizləri nümunələrin eramızdan əvvəl III minilliyə aid olduğunu göstərib. Tədqiqatçılar bu dövrün Nuh tufanının bəzi ənənəvi tarixləndirmələri ilə üst-üstə düşdüyünü bildirirlər.
MSNews.az xəbər verir ki, Türkiyənin “Daily Sabah” nəşrinin məlumatına görə, tapıntılar Ağrı vilayətinin Doğubayazıt rayonunda yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı əldə edilib.
Sivas Cümhuriyyət Universitetinin arxeologiya professoru Cenker Atillanın sözlərinə görə, ekspedisiya zamanı torpağın təxminən doqquz metr dərinliyindən kömürləşmiş ağac fraqmentləri çıxarılıb.
Nümunələr yaşlarının və mənşəyinin müəyyənləşdirilməsi məqsədilə xarici laboratoriyalara göndərilib.
ABŞ laboratoriyasından əldə olunan ilkin nəticələr iki ağac nümunəsinin təxminən 4300 il əvvələ aid olduğunu göstərib. Araşdırmaçılar onların eramızdan əvvəl təqribən 2400–2200-cü illər arasına aid ola biləcəyini bildirirlər.
“Anatolian Archaeology” nəşrinin məlumatına görə, tədqiqatçılar bu tarixlərin dini mətnlərdə təsvir olunan Nuh tufanı üçün irəli sürülmüş bəzi ənənəvi xronologiyalarla uyğun gəldiyini qeyd edirlər.
Layihənin iştirakçısı, “Noah’s Ark Scans” təşkilatının təsisçisi Endryu Cons nəticələri əhəmiyyətli hesab edərək bildirib ki, XVII əsrdə arxiyepiskop Ceyms Aşerin Nuh tufanı üçün təklif etdiyi eramızdan əvvəl 2348-ci il tarixi də nümunələrin ehtimal olunan yaş intervalına düşür.
Durupınar formasiyası uzun illərdir tədqiqatçıların diqqətini çəkir. Təxminən 150 metr uzunluğunda olan və yuxarıdan baxıldıqda gəmini xatırladan bu ərazi 1959-cu ildən etibarən Nuhun gəmisinin mümkün qalıqları barədə fərziyyələrlə əlaqələndirilir.
Lakin 1996-cı ildə dərc olunmuş geoloji araşdırmada Durupınarın təbii mənşəli qaya formasiyası olduğu qənaətinə gəlinib. Yeni tapıntılar bu nəticənin dəyişdiyini göstərən təsdiqlənmiş elmi sübut hesab edilmir.
Tədqiqatçılar digər laboratoriyalardan əlavə analiz nəticələrini gözləyirlər. Həmin nəticələrin nümunələrin mənşəyi və formasiya ilə mümkün əlaqəsi barədə daha ətraflı məlumat verəcəyi bildirilir.