Türk dövlətləri arasında futbol sahəsində yeni əməkdaşlıq mexanizmi yaradılır. Əldə olunan razılaşmaya əsasən, türk dövlətlərindən olan futbolçuların bir-birlərinin milli çempionatlarında əcnəbi deyil, yerli oyunçu statusunda çıxış etməsi nəzərdə tutulur. Bu dəyişiklik Azərbaycan futbolçularının Türkiyə klublarına transfer imkanlarını da genişləndirə bilər.
MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu oktyabrın 26-da Ankarada keçirdiyi mətbuat konfransında açıqlama verib.
Zorlu bildirib ki, ötən həftə Türkiyə Futbol Federasiyasının ev sahibliyi ilə türk dövlətlərinin futbol federasiyaları arasında sammit keçirilib.
Onun sözlərinə görə, sammitdə futbolçuların qarşılıqlı olaraq yerli statusunda qiymətləndirilməsi istiqamətində razılıq əldə olunub.
“Bu sammit sayəsində türk dövlətlərimizdə futbolçularımız qarşılıqlı olaraq artıq əcnəbi deyil, yerli statusunda sayılacaqlar. Türk dünyasında ortaq futbol ekosistemi yaradacağıq”, – deyə Zorlu bildirib.
O əlavə edib ki, yeni yanaşma türk dövlətləri arasında istedadlı futbolçuların transferini asanlaşdırmağa və futbolun inkişafına xidmət edəcək.
Yeni qayda tətbiq olunduğu təqdirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi türk dövlətlərindən olan oyunçular Türkiyə klublarında yerli futbolçu statusundan yararlana biləcəklər.
Bu isə klubların həmin oyunçuları transfer edərkən əcnəbi futbolçu limitini nəzərə almaq məcburiyyətini azalda bilər.
Eyni zamanda, Türkiyə futbolçularının da digər iştirakçı ölkələrin çempionatlarında analoji statusdan istifadə etməsi nəzərdə tutulur.
Lakin qaydanın hansı mövsümdən tətbiq ediləcəyi və hansı ölkələrin tam şəkildə əhatə olunacağı hələ rəsmən açıqlanmayıb. Futbol federasiyalarının müvafiq yarış əsasnamələrində dəyişiklik etməsi tələb oluna bilər.
Kürşad Zorlu açıqlamasında yeni beynəlxalq futbol turnirinin təşkili planından da danışıb.
Onun sözlərinə görə, iki ildən bir “Türk Dövlətləri Futbol Kuboku”nun keçirilməsi nəzərdə tutulur.
Yeni turnirin türk dövlətlərinin futbol federasiyaları arasında əməkdaşlığı gücləndirməsi, gənc istedadların üzə çıxarılmasına və regional futbolun inkişafına töhfə verməsi hədəflənir.
Açıqlama oktyabrın 29–30-da Ankarada keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının XIII Liderlər Zirvəsi ərəfəsində verilib.
Yeni təşəbbüs həyata keçirilərsə, türk dövlətləri arasında futbolçu transferləri və klublararası əməkdaşlıq üçün əlavə imkanlar yarana bilər.