Dünyanın ən qısa aviareysi: Cəmi 53 saniyə

Şotlandiyada iki ada arasında dünyanın ən qısa müntəzəm sərnişin reysi həyata keçirilir. Cəmi 2,7 kilometrlik uçuşun rekord müddəti 53 saniyədir.

17

Şotlandiyada iki ada arasında həyata keçirilən və dünyanın ən qısa müntəzəm sərnişin reysi hesab olunan uçuş cəmi 2,7 kilometrlik məsafəni əhatə edir. Adətən 90 saniyə davam edən uçuşun qeydə alınmış ən qısa müddəti isə 53 saniyədir.

MSNews.az xəbər verir ki, “Sözcü” nəşrinin məlumatına görə, rekord göstərici Şotlandiyanın şimalındakı Orkney arxipelaqında yerləşən Uestre (Westray) və Papa Uestre (Papa Westray) adaları arasındakı aviareysə məxsusdur.

“Loganair” aviaşirkətinin həyata keçirdiyi uçuş Ginnesin Rekordlar Kitabına dünyanın ən qısa müntəzəm aviareysi kimi daxil edilib. İki ada arasındakı məsafə təxminən 2,74 kilometrdir. Əlverişli hava şəraitində uçuş bir dəqiqədən də az davam edə bilir.
Marşrutda əsasən səkkiz sərnişin tutumuna malik, iki mühərrikli Britten-Norman Islander təyyarələrindən istifadə olunur. Uçuşların tarixi 1967-ci ilə gedib çıxır.

Reys qısa müddətinə baxmayaraq, yerli əhali üçün mühüm nəqliyyat vasitəsidir. Təyyarələr adalar arasında müəllimlərin, tibb işçilərinin, sakinlərin və turistlərin daşınmasını, eləcə də gündəlik xidmətlərin əlçatanlığını təmin edir.

“Loganair” şirkətinin məlumatına görə, bu hava əlaqəsi ucqar adalarda təhsil, səhiyyə və poçt xidmətlərinin davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyır.

53 saniyəlik rekord uçuş pilot Stüart Linkleyter tərəfindən həyata keçirilib. Bununla belə, bu müddət bütün reyslər üçün standart deyil. Adi uçuşlar təxminən 90 saniyə çəkir və hava şəraitindən asılı olaraq müddət dəyişə bilir.

Dünyanın ən qısa aviareysi həm gündəlik nəqliyyat ehtiyacını qarşılayır, həm də qeyri-adi təcrübə yaşamaq istəyən turistlərin marağını cəlb edir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30