Çinin onlarla universitetində şərab mədəniyyəti və dequstasiyasına həsr olunan açıq dərslər genişləndirilib. Tələbələr məşğələlərdə şərabçılığın tarixi, istehsal üsulları və müxtəlif regionların xüsusiyyətlərini öyrənməklə yanaşı, peşəkar dequstasiya qaydalarını praktik şəkildə sınaqdan keçirirlər.
MSNews.az xəbər verir ki, söhbət bütün Çin universitetlərində eyni adlı yeni məcburi fənnin tətbiqindən deyil. Ölkədə 2024-cü ildən “Longxing Universities – Çin Şərabı Kampus Açıq Dərsləri” adlı genişmiqyaslı proqram həyata keçirilir və 2026-cı ildə layihənin əhatə dairəsi daha da genişləndirilib.
Çin Şərabçılıq Sənayesi Assosiasiyasının məlumatına görə, proqramın 2026-cı ildəki ilk dərsi aprelin 23-də keçirilib. Tədbirə ölkə üzrə 56 universitetdən 3 mindən çox tələbə və müəllim qoşulub, onlayn yayımı isə 140 mindən çox insan izləyib.
Dərslər yalnız nəzəri məlumatlarla məhdudlaşmır. Çin Kənd Təsərrüfatı Universitetində keçirilən məşğələlərdə mütəxəssislər şərabın rənginin qiymətləndirilməsi, ətrinin müəyyənləşdirilməsi və dad xüsusiyyətlərinin müqayisəsi kimi peşəkar dequstasiya mərhələlərini tələbələrə praktik şəkildə nümayiş etdiriblər.
Şihezi Universitetində keçirilən “Şərabın qiymətləndirilməsi və mədəniyyəti” dərsində isə tələbələr əvvəlcə üzüm yetişdirilən ərazilərin iqlim və torpaq xüsusiyyətlərinin içkinin dadına təsirini öyrənib, daha sonra ağ, roze və qırmızı şərab nümunələrini “rəngə baxmaq – ətri müəyyənləşdirmək – dadmaq” prinsipi üzrə qiymətləndiriblər.
Bu tip dərslər Çində tamamilə yeni deyil. Pekin Universitetində də uzun müddətdir “Şərabın arxasındakı elm və mədəniyyət” adlı ümumi seçmə fənn mövcuddur. Kursda şərabçılığın tarixi, üzüm sortları, istehsal texnologiyası, dünya şərab regionları və dequstasiya metodları tədris olunur.
2026-cı il “Longxing Universities” proqramının isə il ərzində 8 fərqli mövzu üzrə davam etdirilməsi planlaşdırılıb. Dərslər şərab istehsalı və mədəniyyətindən başqa, regional xüsusiyyətlər, qablaşdırma texnologiyaları və istehlak mədəniyyətini də əhatə edir. Təşkilatçılar tədbirlərdə məsuliyyətli istehlakı təşviq etdiklərini və bəzi dərslərdə alkoqolsuz alternativlərin də təqdim olunduğunu bildirirlər.