İtaliyada mafiya cinayətinin istintaqına müdaxilə etməkdə şübhəli bilinən keçmiş milli polis rəisi Canni De Cennaro evində ölü tapılıb. İlkin məlumatlara görə, 78 yaşlı sabiq məmurun intihar etdiyi ehtimal olunur.
MSNews.az xəbər verir ki, “Reuters” və “Sözcü” nəşrlərinin məlumatına görə, De Cennaronun meyiti noyabrın 21-də Toskanadakı evində aşkarlanıb. Yaxınları onunla əlaqə saxlaya bilmədikdən sonra aidiyyəti qurumlara müraciət ediblər.
Sabiq polis rəisinin adı 1992-ci ildə Siciliyada mafiya tərəfindən törədilmiş qanlı terror aktının istintaqını yanlış istiqamətləndirmək iddiaları ilə bağlı araşdırmada keçirdi.
Həmin il iyulun 19-da Palermoda “Cosa Nostra” mafiya təşkilatının həyata keçirdiyi avtomobil partlayışı nəticəsində məşhur antimafiya hakimi Paolo Borsellino və onu mühafizə edən beş polis əməkdaşı həlak olmuşdu.
“ANSA” agentliyinin məlumatına görə, Kaltanissetta prokurorluğu De Cennaronun həmin cinayətin araşdırılmasına müdaxilə edərək istintaqı yanlış istiqamətləndirdiyini iddia edirdi. Prokurorluq onun barəsində ev dustaqlığı tələb etsə də, məhkəmə bu vəsatəti rədd etmişdi. Sabiq polis rəisinin təqsiri məhkəmə qaydasında sübuta yetirilməmişdi.
De Cennaro uzun illər İtaliyanın təhlükəsizlik sistemində mühüm vəzifələr tutub. O, Mafiyaya Qarşı Mübarizə İstintaq İdarəsinə, daha sonra milli polisə və kəşfiyyat fəaliyyətinin əlaqələndirilməsi qurumuna rəhbərlik edib.
İtaliyanın Baş naziri Corcia Meloni sabiq polis rəisinin ölümündən sarsıldığını bildirərək ailəsinə başsağlığı verib. Baş nazirin müavini Matteo Salvini də De Cennaronun dövlətə uzun illər xidmət etdiyini vurğulayıb.
De Cennaronun ölümü İtaliyada 34 il əvvəl baş vermiş mafiya hücumunun istintaqı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.