Meloni Trampı yalan danışmaqda ittiham etdi

İtaliya Baş naziri Corciya Meloni Donald Trampın G7 sammitində onun foto üçün yalvardığı barədə iddiasını “tamamilə uydurma” adlandırıb. İtaliyanın xarici işlər naziri ABŞ səfərini ləğv edib.

7

İtaliya Baş naziri Corciya Meloni ABŞ Prezidenti Donald Trampın onunla bağlı iddiasına sərt reaksiya verib.

MSNews.az xəbər verir ki, “The Guardian” Trampın İtaliyanın La7 telekanalına müsahibəsində Meloninin G7 sammitində onunla foto çəkdirmək üçün “yalvardığını” iddia etdiyini yazır. ABŞ lideri bildirib ki, foto çəkdirməyə məcbur deyildi, lakin Meloniyə “yazığı gəldiyi” üçün razılaşıb.

Meloni bu iddianı qəti şəkildə rədd edib. O, sosial şəbəkədə yayımladığı videoda Trampın sözlərini “tamamilə uydurma” adlandırıb və ABŞ Prezidentinin müttəfiqlərinə qarşı bu cür davranmasını anlamadığını bildirib.

İtaliya Baş naziri qeyd edib ki, Tramp Qərbin düşmənlərinə qarşı göstərmədiyi sərtliyi müttəfiqlərinə qarşı nümayiş etdirir. Meloni çıxışını “İtaliya və mən heç vaxt yalvarmırıq” sözləri ilə tamamlayıb.

Qalmaqal İtaliya hökumətində də sərt reaksiya doğurub. “ANSA” yazır ki, İtaliyanın xarici işlər naziri Antonio Tacani Trampın sözlərini “Meloniyə və bütün İtaliyaya qarşı ciddi təhqir” adlandıraraq 21-22 iyun tarixlərinə planlaşdırılan ABŞ səfərini ləğv edib.

“Washington Post” yazır ki, hadisə Tramp və Meloni arasında əvvəllər isti görünən münasibətlərin son aylarda gərginləşdiyini göstərir. Nəşrin məlumatına görə, tərəflər arasında fikir ayrılıqları xüsusilə İran, Ukrayna və Avropa siyasəti fonunda daha açıq görünməyə başlayıb.

İtaliya siyasi dairələrində həm hakimiyyət, həm də müxalifət nümayəndələri Meloninin mövqeyini dəstəkləyiblər. Bir sıra siyasətçilər Trampın açıqlamasını İtaliyanın beynəlxalq nüfuzuna qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

Hazırda Ağ Ev qalmaqalla bağlı geniş rəsmi şərh verməyib. Hadisə ABŞ-İtaliya münasibətlərində yeni diplomatik gərginlik kimi qiymətləndirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930