Paşinyan Azərbaycanla sülhdən sonra istefa verəcəyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalanıb ratifikasiya edildikdən sonra istefa verməyə hazır olduğunu bildirib. O, Konstitusiya referendumunun nəticəsindən asılı olaraq iki ssenari açıqlayıb.

56

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasından, eləcə də sülh gündəliyinin əsas müddəalarının həyata keçirilməsindən sonra istefa verməyə hazır olduğunu açıqlayıb. O, yeni Konstitusiya üzrə referendumun nəticəsindən asılı olaraq vəzifəsini tərk edəcəyini bildirib.

MSNews.az xəbər verir ki, Paşinyan bu barədə noyabrın 18-də Ermənistan parlamentində keçirilən hökumət saatında danışıb. Məlumatı “Armenpress” və “İnterfaks” agentlikləri yayıb.

Baş nazirin sözlərinə görə, vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərlərsə, o, istefa verəcək. Sənəd qəbul edilərsə, Paşinyan Azərbaycanla sülh prosesini yekunlaşdırdıqdan sonra postunu tərk etməyə hazırdır.

“İnsanlar yeni Konstitusiyaya səs verəcəklər, mən sülh sazişini imzalayacağam, onu ratifikasiya edəcəyik, sülh gündəliyinin bir sıra müddəalarını həyata keçirəcəyik və bundan sonra gedəcəyəm”, – deyə Paşinyan bildirib.

Ermənistan hökumətinin rəhbəri bu prosesə nəqliyyat kommunikasiyalarının açılmasını və sərhədlə bağlı həllini gözləyən məsələlərin tənzimlənməsini də daxil edib.

Paşinyan həmçinin müxalifəti Konstitusiya referendumunun keçirilməsinə mane olmamağa çağırıb və prosesin bloklanacağı təqdirdə növbədənkənar parlament seçkilərinin gündəmə gələ biləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanıb. Lakin sənədin yekun imzalanması və ratifikasiyası hələ baş tutmayıb.