Çin Xalq Respublikasının Prezidenti Si Cinpin Tayvanın Çinlə birləşməsinin qaçılmaz olduğunu bəyan edib. Çin lideri bu prosesi tarixi zərurət adlandıraraq onun qarşısının alınmasının mümkün olmadığını vurğulayıb.
MSNews.az xəbər verir ki, Si Cinpin bu barədə noyabrın 12-də Pekində inqilabçı və dövlət xadimi Sun Yatsenin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş mərasimdə çıxış edib.
Məlumatı Reuters agentliyi yayıb.
“Tarixin axarını dayandırmaq mümkün deyil. Vətənin tam birləşməsi mütləq həyata keçirilməlidir və mütləq həyata keçiriləcək”, – deyə Çin Prezidenti bildirib.
Si Cinpin Tayvan məsələsinin həllini Çin Kommunist Partiyasının dəyişməz tarixi missiyası adlandırıb. Çin lideri Pekinin Tayvanla dinc birləşməyə üstünlük verdiyini və bu məqsədlə “bir ölkə, iki sistem” prinsipinə sadiq qaldığını vurğulayıb.
O, “vahid Çin” prinsipinin qəbul edilməsi şərti ilə Tayvan nümayəndələri ilə dialoqa hazır olduqlarını bildirib. Eyni zamanda, adanın müstəqilliyini müdafiə edən qüvvələrə qarşı birgə mübarizə aparmağa çağırıb.
Tayvan hakimiyyəti isə Pekinin təklifini rədd edib. Tayvanın Materik İşləri Şurası bildirib ki, “bir ölkə, iki sistem” modeli adanın Çin Kommunist Partiyasının hakimiyyətinə tabe olması deməkdir və bu, Tayvan cəmiyyəti üçün qəbuledilməzdir.
Qurum Pekini Tayvanın demokratik idarəetmə sisteminə və əhalisinin siyasi iradəsinə hörmət etməyə çağırıb.
Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir, Tayvan isə öz demokratik idarəetmə sistemini qoruyaraq Pekinin suverenlik iddiasını rədd edir.
Si Cinpin çıxışında hərbi gücdən istifadə barədə danışmayıb. Bununla belə, Çin Tayvanla birləşmək üçün güc tətbiqi ehtimalından rəsmi olaraq imtina etməyib.