RAND Europe analitik mərkəzi Rusiya Prezidenti Vladimir Putinin ölümündən sonra Rusiya ilə NATO arasında genişmiqyaslı müharibənin baş verə biləcəyi hipotetik ssenari hazırlayıb. Araşdırmada 2027-ci ildə Kremldə hakimiyyət dəyişikliyi və 2030-cu ildə Rusiyanın Estoniyaya hərbi müdaxiləsi nəticəsində Avropada müharibənin başlanması ehtimalı modelləşdirilib.
MSNews.az xəbər verir ki, bu barədə noyabrın 12-də “Meduza” nəşri RAND Europe-un hesabatına istinadən məlumat yayıb.
Analitiklərin hazırladığı ssenariyə əsasən, Vladimir Putin 2027-ci ilin yanvarında təbii səbəblərdən vəfat edir və özündən sonra varis müəyyənləşdirmir. Kremldə başlayan hakimiyyət mübarizəsi nəticəsində mart ayında Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş generalı Rusiyanın yeni prezidenti olur.
Yeni rəhbər ABŞ, Böyük Britaniya və digər Avropa ölkələrinin vasitəçiliyi ilə Ukraynada atəşkəsə razılıq verir. Lakin Rusiyanın ərazi iddialarından geri çəkilməməsi səbəbindən sülh danışıqları nəticəsiz qalır və münaqişə dondurulmuş mərhələyə keçir.
Ssenariyə görə, 2028-ci ildən etibarən Rusiya NATO ölkələrinə qarşı hibrid hücumları gücləndirir. Kiberhücumlar, dezinformasiya kampaniyaları və Şərqi Avropadakı rusdilli əhalinin hüquqlarının pozulması barədə iddialar Moskvanın əsas təzyiq vasitələrinə çevrilir.
Əsas hərbi qarşıdurma isə 2030-cu ilin mayında başlayır. Modelləşdirilmiş hadisələrə əsasən, Rusiya Estoniyanın rusdilli əhalisinin çoxluq təşkil etdiyi Narva şəhərində iğtişaşları qızışdırır və daha sonra sakinlərin müdafiəsi bəhanəsi ilə bölgəyə qoşun yeridir.
NATO buna kollektiv müdafiəni nəzərdə tutan Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsini işə salmaqla cavab verir. Döyüşlər Baltikyanı ölkələrdən Şimali Avropaya qədər genişlənir, Böyük Britaniyanın hərbi və kritik infrastrukturu da hücumların hədəfinə çevrilir.
RAND-ın ssenarisində 2030-cu ilin noyabrında Rusiya Narva və Estoniyanın İda-Viru bölgəsinin böyük hissəsi üzərində nəzarəti saxlayaraq hərbi əməliyyatın məqsədinə çatdığını elan edir və atəşkəs təklif edir. Tərəflər razılığa gəlsələr də, münaqişə yenidən dondurulmuş vəziyyətə keçir.
Hesabatda Böyük Britaniya hökumətinə kritik infrastrukturun qorunması, kiberhücumlara hazırlıq, hərbi səfərbərlik və NATO-nun müdafiə imkanlarının gücləndirilməsi ilə bağlı tövsiyələr də yer alıb.
RAND Europe xüsusi vurğulayır ki, hesabat Putinin ölümünə və ya 2030-cu ildə müharibənin mütləq başlayacağına dair proqnoz deyil. Bu, Avropanın potensial təhlükəsizlik böhranlarına hazırlığını qiymətləndirmək məqsədilə hazırlanmış mümkün ssenarilərdən yalnız biridir.