Avstriyada qurbağalar məhkəməni “uddu”

Avstriyada qurbağaların gecə saatlarında yaratdığı səs-küyə görə qonşular arasında başlayan mübahisə Ali Məhkəməyə qədər gedib çıxıb. Məhkəmə qorunan heyvanların təbii səslərini çıxarmasının qadağan edilə bilməyəcəyinə qərar verib.

25

Avstriyada qurbağaların gecələr yüksək səslə quruldaması səbəbindən qonşular arasında başlayan uzunmüddətli mübahisə ölkənin Ali Məhkəməsinə qədər gedib çıxıb. Məhkəmə heyvanların müdafiəsinə qalxaraq onların gecə saatlarında quruldamasına mane olunması tələbini rədd edib.

MSNews.az xəbər verir ki, hadisə Avstriyanın Yuxarı Avstriya əyalətində yerləşən Paşinq qəsəbəsində baş verib. Bu barədə “ORF” və “Der Standard” nəşrləri məlumat yayıb.

Mübahisəyə səbəb sakinlərdən birinin həyətində yaratdığı üzgüçülük gölməçəsində qurbağaların özbaşına məskunlaşması olub. Heyvanların xüsusilə gecələr yüksək səslə quruldaması qonşunun yuxusunu pozub və o, məsələ ilə bağlı məhkəməyə müraciət edib.

İlk instansiya məhkəməsi şikayətçini haqlı hesab edərək gölməçə sahibinə saat 22:00-dan 06:00-dək qurbağaların yaratdığı səs-küyün qarşısını almağı tapşırıb. Lakin bunun hansı üsulla həyata keçirilməli olduğu müəyyənləşdirilməyib.

Daha sonra Linz Regional Məhkəməsi həmin qərarı ləğv edib. İşə son olaraq baxan Avstriya Ali Məhkəməsi də qurbağaların təbii şəkildə məskunlaşdığını və onların səslərinə görə gölməçə sahibinin məsuliyyət daşımadığını bildirib.

Məhkəmə qərarında vurğulanıb ki, qurbağalar qanunla qorunan heyvan növlərinə aiddir. Yuxarı Avstriyanın təbiəti mühafizə qanunvericiliyinə əsasən, belə heyvanları təqib etmək, narahat etmək, tutmaq və ya öldürmək, eləcə də onların çoxalma və yaşayış yerlərinə zərər vurmaq qadağandır.

Maraqlıdır ki, məhkəmə araşdırması zamanı qurbağaların səs-küyü xüsusi avadanlıqlarla da ölçülüb. Ekspertlər gecə saatlarında şikayətçinin evinin yaxınlığında təxminən 50 desibel səs səviyyəsi qeydə alıblar. Bununla belə, Ali Məhkəmə təbii yolla məskunlaşmış heyvanların yaratdığı səslərə görə gölməçə sahibinin onları uzaqlaşdırmağa məcbur edilə bilməyəcəyi qənaətinə gəlib.

Beləliklə, illərlə davam edən qonşu mübahisəsi qurbağaların xeyrinə yekunlaşıb. Qərar heyvanların təbii yaşayış mühitinin qorunması baxımından da diqqət çəkib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti