Fələstinlilər 2 İsrail əsgərini öldürdü

İordan çayının qərb sahilində fələstinli silahlı şəxslərin hücumu nəticəsində iki İsrail əsgəri ölüb, üçü yaralanıb. Baş nazir Benyamin Netanyahu Hebronda genişmiqyaslı hərbi əməliyyat keçirilməsi barədə göstəriş verib.

15

İordan çayının işğal altındakı qərb sahilində fələstinli silahlı şəxslərin hücumu nəticəsində iki İsrail hərbçisi həlak olub, daha üçü yaralanıb. Hücumu həyata keçirən iki fələstinli İsrail hərbçiləri tərəfindən öldürülüb. Hadisədən sonra İsrailin Baş naziri Benyamin Netanyahu Hebron şəhərində genişmiqyaslı hərbi əməliyyat keçiriləcəyini bəyan edib və fələstinlilərin yaşadıqları ərazilərdən çıxarılacağını bildirib.

MSNews.az xəbər verir ki, bu barədə oktyabrın 23-də “Reuters” agentliyi məlumat yayıb.

İsrail ordusunun açıqlamasına əsasən, hücum İordan çayının qərb sahilinin cənubunda, Hebron şəhəri yaxınlığındakı hərbi nəzarət məntəqəsində baş verib. Silahlı şəxslərlə İsrail hərbçiləri arasında atışma təxminən 20 dəqiqə davam edib. Nəticədə iki İsrail əsgəri öldürülüb, üç hərbçi isə yaralanıb.

İsrail ordusu hücum edən hər iki fələstinlinin də öldürüldüyünü bildirib. Hadisə ilə əlaqədar ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hadisə yerinə gələn İsrailin Baş naziri Benyamin Netanyahu hücumu törədən şəxslərin yaşadığı Hebron məhəlləsində geniş hərbi əməliyyat keçiriləcəyini açıqlayıb.

Netanyahunun sözlərinə görə, əməliyyat çərçivəsində fələstinli sakinlər ərazidən çıxarılacaq, evlərdə axtarışlar aparılacaq, silahlar müsadirə ediləcək və İsrailin terror infrastrukturu adlandırdığı obyektlər məhv ediləcək.

Baş nazir bildirib ki, bu əməliyyat 2025-ci ildə İordan çayının qərb sahilindəki iki fələstinli qaçqın düşərgəsində keçirilmiş hərbi əməliyyatlara bənzəyəcək.

“Sakinləri təxliyə edəcəyik, evbəev axtarış aparacağıq, silahları müsadirə edəcəyik və bütün terror infrastrukturu məhv ediləcək”, – deyə Netanyahu vurğulayıb.

İsrailin əvvəlki əməliyyatları nəticəsində on minlərlə fələstinli yaşadığı ərazini tərk etmək məcburiyyətində qalmışdı.

“Human Rights Watch” həmin məcburi köçürmələrin müharibə cinayəti təşkil etdiyini bildirsə də, İsrail bu ittihamları rədd edir. Netanyahunun açıqlamasından sonra Hebron şəhərində yaşayış evlərinin sökülməsinə başlanılıb. “Reuters”in hadisə yerində olan müxbiri İsrailə məxsus buldozerlərin hücumun baş verdiyi əraziyə yaxın evləri dağıtmağa başladığını müşahidə edib.

Yerli sakinlər sökülməsi nəzərdə tutulan evlərin hücumu həyata keçirən şəxslərlə heç bir əlaqəsinin olmadığını bildiriblər.

İsrail ordusu isə agentliyin evlərin sökülməsinin səbəbləri barədə sorğusuna dərhal cavab verməyib. Bundan başqa, İsrail rəhbərliyi Hebron şəhərinin mühasirəyə alınması və İordan çayının qərb sahilinin tam bağlanmasına hazırlıq görülməsi barədə göstəriş verib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti