Rusiyadakı türk xalqlarını təmsil edən bir sıra milli hərəkatların nümayəndələri Rusiyaya Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunun verilməsinə qarşı çıxıblar. Onlar Moskvanın Rusiyada yaşayan türk xalqları adından çıxış etmək hüququnun olmadığını bildirərək TDT üzvlərinə müraciət ediblər.
MSNews.az xəbər verir ki, “Azad Millətlər Liqası”na daxil olan başqırd, tatar və saxa (yakut) hərəkatlarının nümayəndələri oktyabrın 31-də birgə bəyanat yayıblar.
“Moskva türk xalqlarının adından danışa bilməz” başlıqlı bəyanatda Rusiya daxilində yaşayan türk xalqlarının müstəqil təmsilçilik imkanlarının məhdudlaşdırıldığı iddia olunur.
Təşkilatın nümayəndələri TDT-yə üzv dövlətləri Rusiyaya müşahidəçi statusu verməməyə və onu “TDT+” əməkdaşlıq formatına daxil etməməyə çağırıblar.
Bəyanatda milli fəallara qarşı təqiblərin dayandırılması, ana dillərində tam təhsil imkanlarının bərpası, region sakinlərinin müharibəyə məcburi cəlb edilməsinə son qoyulması, təbii sərvətlər üzərində yerli nəzarətin təmin edilməsi və xalqların öz müqəddəratını təyin etmək hüququnun tanınması tələb edilir.
Müraciəti başqırd milli hərəkatından Ruslan Qabbasov, tatar hərəkatlarından Ruslan Aysin, Sergey İsmagilov və Aida Əbdürrəhmanova, saxa hərəkatından isə Raisa Zubareva imzalayıblar. Çuvaş, Tuva və Xakasiya milli hərəkatlarının nümayəndələri də bəyanata dəstək veriblər.
Müraciət Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin oktyabrın 30-da Ankarada keçirilən TDT sammitində irəli sürdüyü təklifdən sonra yayılıb.
Tokayev Rusiyanın türk dünyası ilə tarixi əlaqələrini əsas gətirərək ölkənin TDT-də müşahidəçi statusu almasını və ya “TDT+” formatında əməkdaşlığa cəlb edilməsini təklif edib.
Kremlin sözçüsü Dmitri Peskov isə noyabrın 2-də Rusiyaya hələlik rəsmi dəvət göndərilmədiyini açıqlayıb. O, Rusiyanın təşkilatın fəaliyyətində iştirakını məqsədəuyğun adlandırıb və məsələnin Qazaxıstanla müzakirə oluna biləcəyini bildirib. Peskov söhbətin ayrı-ayrı Rusiya regionlarından deyil, bütövlükdə Rusiya Federasiyasının iştirakından getdiyini vurğulayıb.
Qeyd edək ki, müraciət TDT-nin rəsmi mövqeyini əks etdirmir. Bu, “Azad Millətlər Liqası”na daxil olan milli hərəkatların nümayəndələrinin bəyanatıdır. Rusiyaya müşahidəçi statusunun verilməsi barədə hər hansı qərar qəbul edilməyib.