Tehranda Pakistanın vasitəçiliyinə etiraz edildi

İranın tanınmış siyasi fiqurlarından Məhəmməd Cavad Laricani Pakistanın ABŞ-la danışıqlarda vasitəçi roluna ehtiyac olmadığını bildirib. O, Tehran istəsə, Vaşinqtonla özü danışacağını deyib.

12

İranda Pakistanın ABŞ-la danışıqlarda vasitəçi roluna qarşı çıxış edilib.

MSNews.az xəbər verir ki, “Iran International”ın məlumatına görə, bu barədə İranın tanınmış siyasi fiqurlarından Məhəmməd Cavad Laricani danışıb. O, Pakistanın Baş naziri Şahbaz Şərifin Tehranla Vaşinqtonu danışıqlar masasına gətirməsinə ehtiyac olmadığını bildirib.

Laricani deyib ki, Pakistanın Baş naziri “yaxşı insandır”, lakin İranla ABŞ-ı danışıqlar üçün bir araya gətirməyə çalışmamalıdır. Onun sözlərinə görə, Tehran Vaşinqtonla danışmaq istəsə, bunu özü edəcək və vasitəçiyə ehtiyac duymayacaq.

Hazırda İranın Fundamental Araşdırmalar İnstitutuna rəhbərlik edən Laricani, eyni zamanda, İranın nüvə proqramı ilə bağlı sərt mövqe nümayiş etdirib. O bildirib ki, iranlılar əmin ola bilərlər: Tehran heç bir şəraitdə öz nüvə proqramından imtina etməyəcək.

İran ABŞ-la məhdud və müvəqqəti razılaşma əldə etməklə iqtisadi təzyiqləri azaltmağa çalışır, lakin nüvə proqramı üzrə əsas güzəştlərdən yayınmaq istəyir. Agentlik yazır ki, Tehran üçün hazırkı diplomatik xətt gərginliyin azaldılması, maliyyə nəfəsliyinin yaradılması və əsas strateji mövqelərin qorunması məqsədi daşıyır.

Digər tərəfdən, ABŞ İranın nüvə obyektləri və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı şəffaflıq tələbini artırır. “Reuters”in məlumatına görə, Vaşinqton BMT-nin nüvə nəzarəti qurumu olan MAQATE-də İranın bombalanmış nüvə obyektləri və həmin obyektlərdə saxlanılan nüvə materialları barədə məlumat verməsini tələb edən qətnamə layihəsinə dəstək toplamağa çalışır.

Laricaninin açıqlaması Tehranda ABŞ-la danışıqlar və xarici vasitəçilik məsələsində fikir ayrılıqlarının qalmasını göstərir. Rəsmi səviyyədə Pakistan vasitəsilə mesajların ötürüldüyü təsdiqlənsə də, İranın sərt xəttə yaxın fiqurları belə vasitəçilik formatını zəruri hesab etmirlər.