Tramp Pekində Si Cinpinlə görüşüb

ABŞ Prezidenti Donald Tramp Çinə dövlət səfəri çərçivəsində Pekində Si Cinpinlə görüşüb. Danışıqlarda ticarət, texnologiya, Tayvan, İran müharibəsi və ABŞ-Çin münasibətlərinin gələcəyi müzakirə olunur.

ABŞ Prezidenti Donald Tramp Çinə dövlət səfəri çərçivəsində Pekində Çin Sədri Si Cinpinlə görüşüb. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər Si Cinpinin dəvəti ilə mayın 13-dən 15-dək davam edəcək. Bu, ABŞ prezidentinin 2017-ci ildən bəri Çinə ilk səfəri kimi qiymətləndirilir. 

Görüş Pekindəki Böyük Xalq Zalında təntənəli qarşılanma mərasimindən sonra başlayıb. “Reuters”-in məlumatına görə, tərəflərin danışıqlarında ticarət münasibətləri, süni intellekt və çip texnologiyaları, İran müharibəsi, Tayvan məsələsi və ABŞ-ın Tayvana silah satışı planları əsas mövzular sırasında yer alıb.

ABŞ nümayəndə heyətində iri biznes və texnologiya şirkətlərinin rəhbərləri də təmsil olunub. “Reuters” daha əvvəl İlon Mask, “Apple” rəhbəri Tim Kuk və “Boeing” rəhbərinin səfərdə iştirak edəcəyini bildirmişdi. “Financial Times” isə Trampın oğlu Erik Trampın da Pekin səfərinə qatıldığını yazıb.

Si Cinpin görüşün açılışında ABŞ-Çin münasibətlərinin yalnız iki ölkə üçün deyil, bütün dünya üçün taleyüklü əhəmiyyət daşıdığını bildirib. O, Vaşinqton və Pekinin “Fukidid tələsi”ndən yayınaraq böyük dövlətlər arasında yeni münasibət modeli qura bilib-bilməyəcəyini əsas suallardan biri kimi təqdim edib. Si həmçinin bildirib ki, iki ölkənin ortaq maraqları fərqlərindən daha çoxdur və Çinlə ABŞ “rəqib deyil, tərəfdaş” olmalıdır.

Çin liderinin sözlərinə görə, ABŞ və Çin əməkdaşlıqdan qazanır, qarşıdurmadan isə itirir. O vurğulayıb ki, hazırda dünyada “bir əsrdə görülməyən transformasiya” sürətlənir və beynəlxalq vəziyyət dəyişkən olaraq qalır. Si Cinpin iki ölkənin xalqlarının rifahı və bəşəriyyətin gələcəyi naminə daha sabit və parlaq ikitərəfli münasibətlər qurmalı olduğunu deyib.

Donald Tramp isə Si Cinpini “böyük lider” adlandıraraq, Çinlə ABŞ arasında münasibətlərin daha da yaxşılaşacağına inandığını bildirib. ABŞ prezidenti iki lider arasında şəxsi münasibətlərin problemlərin həllində mühüm rol oynadığını qeyd edib və “Çinlə ABŞ arasında münasibətlər əvvəlkindən daha yaxşı olacaq” deyib.

Tramp səfər zamanı keçirilən qarşılanma mərasimindən də təsirləndiyini bildirib. O, Çinli uşaqların mərasimdəki iştirakını xüsusi qeyd edərək, onların “xoşbəxt və gözəl” göründüyünü söyləyib.

Danışıqlar ABŞ-Çin münasibətlərində iqtisadi rəqabət, texnoloji məhdudiyyətlər, Tayvan ətrafında gərginlik və İran müharibəsinin qlobal təsirləri fonunda baş tutur. Müşahidəçilər görüşdən böyük razılaşmalar gözləməsələr də, tərəflərin dialoqu bərpa etməsi dünyanın iki ən böyük iqtisadiyyatı arasında münasibətlərin sabitləşdirilməsi baxımından mühüm addım sayılır.