Taylandın Lopburi əyalətinin Tha Luanq rayonunda polis əməkdaşları qeyri-adi gizli əməliyyat keçirərək rəqqasə qrupu kimi maskalanıblar.
“New Straits Times” yazır ki, əməliyyat nəticəsində narkotik ticarəti və qanunsuz onlayn qumar fəaliyyəti ilə əlaqədə şübhəli bilinən Mekha Fa-wap-wap adlı şəxs saxlanılıb.
Məlumata görə, polis əməkdaşları diqqət çəkməmək üçün festival və əyləncə mühitinə uyğun geyinərək rəqqasə obrazında əraziyə daxil olublar. Onlar şübhəli şəxsə yaxınlaşdıqdan sonra əməliyyat keçirərək onu saxlayıblar.
Saxlanılma zamanı 53 metamfetamin həbi, narkotik vasitələrin paylanması üçün istifadə olunduğu ehtimal edilən 200-dən çox kiçik plastik paket və qanunsuz onlayn qumar fəaliyyəti ilə əlaqəli olduğu bildirilən mobil telefon götürülüb. Şübhəli şəxs narkotik maddəni satış məqsədilə saxlamaqda və lisenziyasız onlayn qumar platforması işlətməkdə araşdırılır.
Əməliyyatdan sonra yayılan fotolarda maskalanmış polis əməkdaşlarının saxlanılan şəxslə birlikdə şəkil çəkdirdiyi görünür. Görüntülər sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər Tayland polisinin bu üsulunu həm gülməli, həm də “gözlənilməz dərəcədə effektiv” adlandırıblar.

Tayland polisi son dövrlərdə oxşar qeyri-adi maskalanma əməliyyatları ilə də gündəmə gəlir. “The Guardian” daha əvvəl yazırdı ki, Banqkok polisi müxtəlif cinayətkarları tutmaq üçün aslan rəqqasları, tikinti işçiləri, hətta güləşçi geyimləri kimi kreativ obrazlardan istifadə edib.