MSNews.az xəbər verir ki, Svırıdenko bu barədə şəxsi “X” hesabında açıqlama yayıb. O, Prezident Volodimir Zelenski ilə ölkənin qarşısında dayanan çağırışları, hökumətin fəaliyyətinin gücləndirilməsi üçün tələb olunan dəyişiklikləri və beynəlxalq tərəfdaşlarla münasibətləri müzakirə etdiyini bildirib.
“Prezidentə etimadına və komandamızın işinə verdiyi yüksək qiymətə görə minnətdaram. Ukraynanın müasir tarixinin ən çətin dövrlərindən birində hökumətə rəhbərlik etmək şərəfinə sahib olduğum üçün fəxr edirəm”, – Svırıdenko qeyd edib.
Baş nazir fövqəladə çətin şəraitdə ölkəyə xidmət edən hökumət üzvlərinə təşəkkürünü bildirib. O, bundan sonra da Ukrayna dövlətinə xidmət etməyə, ölkənin mövqelərinin möhkəmləndirilməsi, milli maraqlarının müdafiəsi və ədalətli sülhün yaxınlaşdırılması istiqamətində üzərinə qoyulacaq vəzifələri yerinə yetirməyə hazır olduğunu vurğulayıb.
Prezident Volodimir Zelenski də “X” platformasındakı açıqlamasında Ukraynanın siyasi strategiyasının yeniləndiyini və hökumətdə kadr dəyişikliklərinin aparılacağını bildirib. Dövlət başçısı Svırıdenkoya əsas tərəfdaşlardan biri ilə münasibətləri əhatə edən yeni və mühüm istiqamətə rəhbərlik etməyi təklif etdiyini açıqlayıb. Lakin onun yeni vəzifəsinin adı rəsmi şəkildə göstərilməyib.
“Reuters” və “Associated Press” bildirir ki, dəyişikliklər Ukrayna hökumətinin daha geniş yenidən təşkilinin bir hissəsidir. Yeni baş nazirin kim olacağı hələlik rəsmən açıqlanmayıb.
Ukrayna qanunvericiliyinə əsasən, baş nazirin istefası bütün Nazirlər Kabinetinin istefasına səbəb olur. Mövcud hökumət isə yeni kabinet fəaliyyətə başlayana qədər səlahiyyətlərini icra etməyə davam edir.
Svırıdenko 2025-ci ilin iyulunda Ukraynanın baş naziri təyin edilmişdi. O, bundan əvvəl baş nazirin birinci müavini və iqtisadiyyat naziri vəzifələrində çalışıb.