Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq casusluq və dövlətə xəyanət cəhdi ilə bağlı ciddi ittihamlar üzrə aparılan istintaq çərçivəsində saxlanılıb. Onun keçmiş aparat rəhbəri Manfred D. də həbs edilib.
MSNews.az xəbər verir ki, “AP” məlumatına görə, 80 yaşlı Hanning dövlətə xəyanət xarakterli casusluq, dövlət sirlərinin əldə edilməsi, kəşfiyyat fəaliyyəti və dövlətə xəyanətə cəhd şübhələri ilə araşdırılır.
İstintaqın versiyasına əsasən, Hanninq BND-dən ayrıldıqdan sonra da qurum daxilindəki məxfi məlumatlara çıxış əldə etməyə davam edib. Onun keçmiş əməkdaşı Manfred D.-nin 2010-cu ildən ən azı 2022-ci ilədək Hanninqə pul qarşılığında təxminən 2 min məxfi və qismən tam məxfi sənəd ötürdüyü iddia olunur.
Bu sənədlər arasında Almaniya hökuməti üçün hazırlanan kəşfiyyat qiymətləndirmələri, xarici tərəfdaş xidmətlərin materialları, İranın nüvə proqramı və Rusiya ordusu ilə bağlı məlumatların olduğu bildirilir.
Prokurorluğun versiyasına görə, Hanninq həmin məlumatlardan özəl təhlükəsizlik məsləhətçisi kimi fəaliyyətində istifadə edib. O, ən azı bir halda BND materiallarından istifadə etməklə xarici kəşfiyyat xidmətinin əməkdaşı üçün təhlükəsizlik təhlili hazırlamaqda şübhəli bilinir.
Bununla belə, Almaniya hüquq-mühafizə orqanları söhbətin hansı xarici kəşfiyyat xidmətindən getdiyini açıqlamayıb. “Financial Times” istintaq materiallarında Hanninqin Rusiya ilə əlaqələndirilməsinə dair sübutun olmadığını qeyd edir.
Manfred D. isə Hanninqə məxfi məlumatları ötürməkdə və mümkün dövlətə xəyanət xarakterli fəaliyyətə yardım etməkdə şübhəli bilinir. O, Hanninqdən sonra da uzun illər BND rəhbərlərinin aparatında yüksək vəzifələrdə çalışıb.
Avqust Hanninq 1998–2005-ci illərdə BND-yə rəhbərlik edib. Almaniya mediasının məlumatına görə, istintaq orqanları onun fəaliyyətinə 2025-ci ildə başqa bir cinayət işi çərçivəsində aparılan axtarış zamanı əldə edilmiş məlumatlardan sonra diqqət yetirməyə başlayıblar.
Yaxın zamanda məhkəmə saxlanılan şəxslərin həbsdə saxlanılıb-saxlanılmaması barədə qərar verəcək. Hər iki şəxs barəsində irəli sürülən ittihamlar hələ məhkəmədə sübuta yetirilməyib.