Son dövrlərdə beynəlxalq münasibətlər sistemində yeni institutların yaranması qlobal düzənin dəyişməsi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb, xüsusilə, “Sülh Şurası”nın yaradılması BMT-nin rolu, mövcud beynəlxalq hüquq mexanizmlərinin effektivliyi və yeni güc balanslarının formalaşması fonunda diqqət mərkəzinə çevrilib.
Bu mövzuda QAFSAM-ın eksperti Novruzəli Yusubzadə ilə söhbət edərək, “Sülh Şurası”nın mahiyyəti, BMT-nin gələcəyi və Azərbaycanın bu yeni platformadakı rolu barədə fikirlərini öyrəndik.
– Novruzəli bəy, “Sülh Şurası”nın yaradılmasını necə qiymətləndirirsiniz?
– Beynəlxalq münasibətlərdə müasir dövlətlərin və beynəlxalq institutların formalaşması adətən böyük müharibələrdən sonra baş verir. Birinci Dünya Müharibəsindən sonra Millətlər Cəmiyyətinin, İkinci Dünya Müharibəsindən sonra isə BMT-nin yaradılması bunun klassik nümunələridir. Bu baxımdan “Sülh Şurası”nın da HƏMAS–İsrail müharibəsinin bitməsi fonunda gündəmə gəlməsi təsadüfi deyil. Üstəlik, Rusiya–Ukrayna münaqişəsi hələ də davam edir və bütövlükdə beynəlxalq sistemi aşındıran əsas faktorlardan biridir.
Mənim fikrimcə, “Sülh Şurası” müasir münaqişələrin həlli üçün daha çevik mexanizm kimi düşünülüb. Bu format bürokratik daxili hüquqi prosedurları, koalisiya maraqlarını və xarici vetoların yaratdığı vaxt itkisini azaltmağı hədəfləyir. Məhz bu xüsusiyyətlər onu daha işlək və operativ edə bilər.
– Bu proses BMT-nin “istifadə müddəti”nin bitməsi anlamına gəlirmi?
– Beynəlxalq sistem təxminən hər 50–100 ildən bir özünü yeniləyir. Bu yenilənmə adətən böyük müharibələrdən sonra yeni qütblərin formalaşması və onların yaratdığı ideallar, hüquqi və siyasi münasibətlər sistemi üzərində qurulur. Bugünkü BMT modeli və 5 veto hüquqlu dövlət məntiqi İkinci Dünya Müharibəsinin qaliblərinin qurduğu sistemdir.
O dövrdə beynəlxalq hüququn əsas prinsipləri – suverenlik, daxili işlərə qarışmamaq – təsadüfi seçilməmişdi. Çünki tərəflər nüvə silahına malik supergüclər idi. Lakin bu gün həmin sistemi quran dövlətlərin özləri belə bu prinsiplərə zidd müharibələr aparırlar. Qarabağ münaqişəsində BMT-nin qərarlarının icrasız qalması, son olaraq Qəzza ilə bağlı qətnamələrin veto ilə bloklanması bu sistemin işləkliyini açıq şəkildə sual altına qoydu.
Bununla belə, “Sülh Şurası”nın yaranması o demək deyil ki, BMT yaxın zamanda dağıdılacaq və onun yerini tutacaq. Bu, daha çox Birinci Dünya Müharibəsindən sonra keçirilən beynəlxalq konfranslar modelinə bənzəyir – dövlət başçılarının birbaşa toplaşdığı, bürokratik yavaşlığın minimuma endirildiyi çevik platforma olacaq.
– Azərbaycanın bu şurada iştirakı sizcə nə verəcək?
– Azərbaycan bu gün beynəlxalq sistemdə maraqlı bir mövqedədir. Ərazi baxımından kiçik olsa da, müasir dövrdə hərbi-siyasi qələbəsini beynəlxalq sistemə qəbul etdirə bilən nadir dövlətlərdən biridir. Köhnə sistemlərin dağıldığı və yenilərinin formalaşdığı dövrlərdə əsas məsələ qələbəni bütün oyunçulara qəbul etdirməkdir. Bu isə nə Rusiya, nə də İsrail üçün mümkün olub. Bu prosesi ilk yekunlaşdıran məhz Azərbaycan oldu.
Sonrakı mərhələdə Pakistanın Hindistan üzərində, ABŞ-ın Venesuela üzərində, Türkiyənin isə PKK/YPG üzərində əldə etdiyi nəticələri görürük. Məhz, bu dörd dövlət “Sülh Şurası”nın qurucu üzvləri sırasında yer alır. Azərbaycan tarixində ilk dəfədir ki, yeni beynəlxalq formatın qurucu tərəflərindən biri kimi çıxış edir.
Bu iştirak Azərbaycana təkcə Orta Şərqdə maraqları olan aktor statusu qazandırmır, eyni zamanda beynəlxalq münasibətlər sisteminin digər problemlərində də söz haqqı verir. Yeni sistemləri qalib tərəflər qurur və Azərbaycan bu gün qalib tərəfdir. Bu qələbənin yeni sistemdə də qorunması üçün belə formatlarda iştirak bizim üçün strateji əhəmiyyət daşıyır.
