Suriya prezidenti Əhməd əş-Şaraa regiondakı gərginlik, İran və İsraillə münasibətlər fonunda geniş açıqlamalar verib. O, bildirib ki, İran son onilliklər ərzində Suriyadakı proseslərə birbaşa təsir göstərib və əvvəlki hakimiyyətin siyasətində mühüm rol oynayıb.
Əş-Şaraa vurğulayıb ki, Tehran Suriyada baş verən hadisələrdə, o cümlədən mülki əhaliyə qarşı əməliyyatlarda iştirak edib: “Bizim Tehrandakı İranla problemimiz yoxdur, problemimiz Dəməşqdəki İrandır. Çünki o, Suriya şəhər və kəndlərinə təsir göstərərək insanları köçürüb”.
İranla münasibətlərə toxunan prezident qeyd edib ki, rəsmi Dəməşq uzun müddət səbir nümayiş etdirsə də, Tehranı hərbi ambisiyalarına görə tənqid edir: “İranın ballistik raketlər və nüvə silahı istiqamətində fəaliyyəti region üçün risk yaradır. Biz hərbi yanaşma yox, dialoqu üstün tuturuq”.
Suriya lideri ölkəsinin yeni münaqişələrdən uzaq durmaq niyyətində olduğunu da xüsusi vurğulayıb: “Suriya birbaşa hədəfə çevrilmədiyi müddətdə heç bir müharibəyə qoşulmayacaq. Biz artıq kifayət qədər itki vermişik və yeni qarşıdurmaya hazır deyilik”.
İsraillə bağlı mövqeyini də açıqlayan Əş-Şaraa rəsmi Təl-Əvivi Suriyaya qarşı “destruktiv addımlar” atmaqda ittiham edib. Onun sözlərinə görə, İsrail Suriya ərazisində obyektləri bombalayıb və 1974-cü il razılaşmasını pozub: “Biz həm dolayı, həm də birbaşa dialoqa cəhd etdik, müəyyən nəticələr əldə olunsa da, son anda İsrail tərəfi geri çəkildi”.
Livan istiqamətində silah daşınması iddialarına cavab olaraq prezident bildirib ki, Suriya öz sərhədlərini qorumağa borcludur və heç bir dövlət silah qaçaqmalçılığına göz yuma bilməz.
Öz keçmişi ilə bağlı suala cavab verən Əş-Şaraa Əl-Qaidə ilə fikir ayrılığı səbəbilə yollarını ayırdığını qeyd edib: “Onların siyasəti ilə razı deyildim. Əgər razı olsaydım, davam edərdim. Mən başqa yol seçdim və bunun bədəlini ödədim”.
Regiondakı ümumi vəziyyəti “qeyri-sabit” kimi qiymətləndirən Suriya prezidenti bildirib ki, ölkəsi potensial hədəfə çevrilə bilər: “Biz heç kimə qarşı aqressiya istəmirik və Suriyanın müharibə meydanına çevrilməsinə qarşıyıq. Təəssüf ki, bu gün regionda qərarlar çox vaxt xaotik siyasətlərlə verilir”.
Qəzza ilə bağlı isə o, Suriyanın həmrəy olduğunu qeyd edib: “Suriya xalqı Qəzzadakı insanlarla həmrəydir və baş verənlərdən təsirlənir. Lakin hazırda əsas diqqətimiz ölkənin bərpası və quruculuğudur”.