Polşa “müharibədən əvvəlki vəziyyət” üçün yeni qanun hazırlayır

Polşa Müdafiə Nazirliyi müharibə təhlükəsi zamanı dövlətin tam hazırlığını təmin etmək, qoşunların sürətli yerləşdirilməsini və NATO ilə koordinasiyanı gücləndirmək üçün yeni qanun layihəsi hazırlayır.

65

Polşa Müdafiə Nazirliyi müharibə təhlükəsi yarandığı halda dövlətin tam hazırlığını təmin etməyə yönəlmiş yeni qanun layihəsi üzərində işləyir. Sənəd sülh dövrü ilə hərbi vəziyyət arasındakı mövcud hüquqi və idarəetmə boşluqlarını aradan qaldırmalı, Polşa və müttəfiq qoşunlarının strateji ərazilərə daha sürətli yerləşdirilməsinə imkan verməlidir.

MSNews.az xəbər verir ki, bu barədə ilkin məlumatı “Rzeczpospolita” yayıb. Polşa Müdafiə Nazirliyi isə belə bir layihə üzərində iş aparıldığını təsdiqləyib.

Yeni qanunun əsas məqsədlərindən biri ölkənin müdafiəsinin idarə olunmasını sürətləndirməkdir. Layihə təhlükənin yüksəldiyi şəraitdə Polşa Silahlı Qüvvələrinin və NATO müttəfiqlərinin qoşunlarının kritik əhəmiyyətli istiqamətlərə əvvəlcədən yerləşdirilməsinə hüquqi imkan yaratmalıdır.

Digər mühüm dəyişiklik Polşanın Müdafiə Reaksiyası Planının NATO “Response System” ilə əlaqələndirilməsidir. Bununla Varşava milli müdafiə tədbirləri ilə NATO-nun kollektiv reaksiya mexanizmləri arasında koordinasiyanı gücləndirmək istəyir.

Layihədə dövlət strukturlarının daha operativ şəkildə yüksək hazırlıq səviyyəsinə keçirilməsi, zəruri infrastrukturun əvvəlcədən hazırlanması və daimi növbətçilik sisteminin genişləndirilməsi də nəzərdə tutulur. Müdafiə idarəetmə məntəqələrində çalışan mülki personal üçün xüsusi iş rejiminin müəyyənləşdirilməsi, müəyyən hallarda onların iş yerini tərk etməsinin məhdudlaşdırılması da təkliflər sırasındadır.

Bundan başqa, qeyri-hərbi müdafiə planlaşdırılması, müdafiə hazırlığı, təlim və xüsusi kursların keçirilməsi qaydalarının yenilənməsi planlaşdırılır. Məqsəd təkcə klassik silahlı hücuma deyil, hibrid təhdidlərə, kiberhücumlara və dezinformasiya əməliyyatlarına qarşı dövlət strukturlarının reaksiyasını sürətləndirməkdir. Polşa Müdafiə Nazirliyi də layihənin bu üç təhlükə kateqoriyasını xüsusi vurğuladığını təsdiqləyib.

Layihə mediada qeyri-rəsmi olaraq “müharibədən əvvəlki vəziyyət” üçün qanun kimi təqdim olunur. Mahiyyət etibarilə Varşava fövqəladə təhlükənin artıq yarandığı, lakin hələ hərbi vəziyyət elan edilmədiyi mərhələdə dövlət və ordunun daha çevik hərəkət etməsinə imkan verən hüquqi mexanizm yaratmağa çalışır.

Polşa müdafiə nazirinin müavini Sezari Tomçik də belə bir qanunun hazırlanmasını təsdiqləyib. Hazırda sənəd üzərində iş davam etdiyindən, layihənin yekun mətni və parlamentdə qəbul ediləcək müddəalar dəyişə bilər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.