ABŞ məhkəməsi Fələstin tərəfinə qarşı 656 milyon dollarlıq hökmü bərpa etdi

ABŞ-ın 2-ci Dairə Apellyasiya Məhkəməsi Fələstin Muxtariyyəti və Fələstin Azadlıq Təşkilatına qarşı 655,5 milyon dollarlıq kompensasiya hökmünü yenidən qüvvəyə mindirib. 

26

ABŞ-ın 2-ci Dairə Apellyasiya Məhkəməsi Fələstin Muxtariyyəti və Fələstin Azadlıq Təşkilatına qarşı daha əvvəl çıxarılmış təxminən 656 milyon dollarlıq kompensasiya hökmünü yenidən qüvvəyə mindirib. Qərar İsraildə baş vermiş hücumlarda ölən və ya yaralanan amerikalılar və onların ailələrinin qaldırdığı iddia üzrə verilib.

Associated Press“-in məlumatına görə, söhbət 2015-ci ildə çıxarılmış 655,5 milyon dollarlıq mülki hökmdən gedir.

Apellyasiya instansiyası bu hökmü 2016-cı ildə ləğv etmişdi. Həmin vaxt məhkəmə ABŞ məhkəmələrinin Birləşmiş Ştatlardan kənarda baş vermiş və birbaşa ABŞ-ı hədəf almayan hücumlarla bağlı bu işə baxmaq üçün yetərli yurisdiksiyaya malik olmadığı qənaətinə gəlmişdi. Lakin 2025-ci ilin iyununda ABŞ Ali Məhkəməsi Konqresin 2019-cu ildə qəbul etdiyi “”Promoting Security and Justice for Victims of Terrorism Act” qanununu qüvvədə saxladı və bu, işin yenidən hərəkətə gəlməsinə imkan verdi.

Ali Məhkəmənin qərarından sonra 2-ci Dairə Apellyasiya Məhkəməsi 2026-cı il 30 mart tarixli qərarında “iddiaçıların xeyrinə çıxarılmış ilkin hökmün bərpa edilməli olduğu” qənaətinə gəlib. Məhkəmə bunu Ali Məhkəmənin qərarının “aydın nəticəsi” kimi qiymətləndirib və yeni məhkəmə baxışı keçirmədən əvvəlki hökmü qüvvədə saxlayıb.

İşin materiallarına görə, iddiaçılar 2002–2004-cü illərdə Qüdsdə baş vermiş hücumlarla bağlı ABŞ-ın “Anti-Terrorism Act” qanunu əsasında məhkəməyə müraciət ediblər. “Reuters” yazır ki, həmin iş üzrə iddiaçılar arasında 2015-ci ildə 655 milyon dollarlıq hökm əldə etmiş ailələr də var. Zərərçəkənlərin və ailələrin Fələstin strukturlarını hücumlarda iştirakda və ya onları təşviq etməkdə günahlandırdığı, cavabdeh tərəfin isə illərdir ABŞ məhkəmələrinin yurisdiksiyasına etiraz etdiyi bildirilir.

Beləliklə, 22 ilə yaxın davam edən hüquqi çəkişmədə ABŞ məhkəməsi zərərçəkən amerikalıların xeyrinə verilmiş iri həcmli kompensasiya qərarını yenidən qüvvəyə mindirmiş oldu. Hələlik Fələstin tərəfinin bu son qərarla bağlı geniş ictimai mövqeyi açıqlanmayıb.