Səudiyyə Ərəbistanı Qırmızı dənizdə beynəlxalq gəmiçiliyi və enerji daşıma marşrutlarını qorumaq məqsədilə yeni çoxmillətli dəniz müdafiə koalisiyasının yaradıldığını elan edib.
MSNews.az xəbər verir ki, təşəbbüs Ər-Riyadda 43 ölkənin və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə keçirilmiş toplantıda təqdim olunub. Koalisiyaya Səudiyyə Ərəbistanı rəhbərlik edəcək, onun qərargahı isə Ər-Riyadda yerləşəcək. Bu barədə “Reuters” məlumat yayıb.
Koalisiyanın əsas məqsədi Qırmızı dəniz, Bab əl-Məndəb boğazı və Ədən körfəzində ticarət gəmilərinin, enerji daşıyıcılarının və strateji dəniz yollarının təhlükəsizliyini təmin etməkdir. Təşəbbüs Yəməndəki husilərin Səudiyyə Ərəbistanına məxsus və ya onunla əlaqəli gəmilərə hücumlarını artırmasından sonra irəli sürülüb.
Məlumata görə, Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla 14 ölkə koalisiyaya rəsmi dəstək verdiyini açıqlayıb. Yeni strukturun kəşfiyyat məlumatlarının mübadiləsi, birgə dəniz əməliyyatları, hərbi təlimlər və gəmilərin müşayiəti kimi istiqamətlərdə fəaliyyət göstərəcəyi gözlənilir. Bu barədə “Financial Times” yazıb.
Daha əvvəl “Al-Monitor” təşəbbüsə təxminən 50 ölkənin dəvət edildiyini bildirmişdi. İlkin xəbərlərdə ABŞ, Misir, Pakistan, Türkiyə, Qətər, Bəhreyn, Küveyt, Cibuti, Somali və Sudan kimi ölkələrin adları çəkilirdi.
ABŞ-ın koalisiyada hansı səviyyədə iştirak edəcəyi hələ tam dəqiqləşməyib. Avropa ölkələrinin bir hissəsinin də Vaşinqtonun mövqeyindən sonra yekun qərar verməsi gözlənilir.
Oman və Birləşmiş Ərəb Əmirlikləri təşəbbüsə ilkin dəstək verən ölkələr sırasında yer almayıb. Bununla belə, təşkilatçılar gələcəkdə digər dövlətlərin də koalisiyaya qoşula biləcəyini bildiriblər.
Husilər iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etmiş və Bab əl-Məndəb boğazından keçən Səudiyyə gəmilərini hədəfə alacaqlarını bildirmişdilər. Bundan sonra bölgədə gəmi hərəkətinin azaldığı və neft daşımaları ilə bağlı risklərin yüksəldiyi qeydə alınıb.