Suriyada yanacaq qiymətlərinin kəskin artırılması ölkənin müxtəlif bölgələrində geniş etirazlara səbəb olub. “Reuters” baş verənləri Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan sonra ölkədə keçirilən ən genişmiqyaslı etirazlar kimi xarakterizə edir.
MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, hökumətin qərarından sonra dizelin qiyməti 40 faiz artaraq litr üçün 175 Suriya funtuna, 95 oktanlı benzinin qiyməti 28 faiz artaraq 195 funta, 90 oktanlı benzinin qiyməti isə 26 faiz artaraq 185 funta çatıb. Məişət və sənaye qazı təxminən 9 faiz bahalaşıb.
Etirazçılar Hələb, Hama, İdlib, Rəqqa və digər bölgələrdə küçələrə çıxıb, avtomobil şinlərini yandırıb və əsas yolları bağlayıblar. Dəməşqlə Hələbi birləşdirən magistralın bəzi hissələrində də hərəkət dayanıb. “Al Jazeera” Hama, Xan Şeyxun və Maarat ən-Numan da daxil olmaqla bir sıra şəhərlərdə aksiyaların keçirildiyini bildirib.
Etirazçılar mərkəzi Suriyadakı neft emalı zavodlarına doğru hərəkət edən xam neft sisternlərinin karvanlarını da dayandırıblar. Bəzi aksiya iştirakçıları energetika və iqtisadiyyat nazirlərinin, eləcə də Suriya Neft Şirkətinin rəhbərinin vəzifədən uzaqlaşdırılmasını tələb ediblər.
Suriyanın Energetika Nazirliyi qiymət artımını müvəqqəti tədbir adlandırıb. Nazirliyin açıqlamasına görə, bahalaşmaya dünya bazarında yanacağın alış qiymətlərinin yüksəlməsi, ölkənin idxaldan ciddi asılılığı, emal və daşınma xərclərinin artması təsir göstərib. Suriya bu il Rusiyadan gündə təxminən 60 min barel xam neft idxal edib, lakin Rusiyanın neft emalı sektorundakı fasilələr və ixrac məhdudiyyətləri tədarükə əlavə təzyiq yaradıb.
Vəziyyəti ağırlaşdıran digər amil ölkənin ən böyük neft emalı müəssisəsi olan Baniyas zavodunun üç aylıq əsaslı təmir səbəbindən fəaliyyətini dayandırmasıdır. Energetika Nazirliyi bazar şərtləri dəyişdikcə qiymətlərin yenidən nəzərdən keçirilə biləcəyini bildirib.
BMT-nin İnkişaf Proqramının məlumatına görə, Suriyada əhalinin təxminən 90 faizi yoxsulluq həddinin altında, 65 faizi isə ifrat yoxsulluq şəraitində yaşayır. Yanacağın bahalaşmasının nəqliyyat, ərzaq və digər əsas məhsulların qiymətlərinə əlavə təsir göstərəcəyi ilə bağlı narahatlıqlar artır.