Şimali Koreya 5 min tonluq “Kanq Kon” esminesini hərbi-dəniz qüvvələrinin tərkibinə daxil edib. Ölkə lideri Kim Çen In gəminin dövlətin nüvə cavab sisteminin bir hissəsi olacağını və əmr veriləcəyi halda düşmənə “məhvedici cavab zərbələri” endirməyə hazır olmalı olduğunu bildirib.
MSNews.az xəbər verir ki, istismara qəbul mərasimi sentyabrın 6-da Şimali Koreyanın şərqindəki Vonsan limanında keçirilib. Kim Çen In mərasimdə həyat yoldaşı Ri Sol Çju və qızı Kim Çju E ilə birlikdə iştirak edib.
Bu barədə Şimali Koreyanın KCNA agentliyinə istinadən “Yonhap” və “Reuters” məlumat yayıb.
Kim yeni gəmini mahiyyət etibarilə “hücum təyinatlı esmines” adlandırıb.

“Yeni nəsil esmines dövlətin nüvə cavab sisteminə daxil olan qüvvə kimi düşmənə ölümcül cavab zərbəsi endirməlidir”, – Şimali Koreya liderinin sözlərini “KCNA” yayıb.
“Kanq Kon” Şimali Koreya Hərbi Dəniz Qüvvələrinin Şərq Dəniz Donanmasının tərkibinə verilib. Pxenyan gəminin ölkənin dəniz suverenliyinin müdafiəsi və nüvə çəkindirmə imkanlarının gücləndirilməsi üçün istifadə ediləcəyini bildirir. Kim həmçinin donanmanın nüvə silahları ilə təchiz edilmiş qüvvəyə çevrilməsinin vacibliyini vurğulayıb.

“Kanq Kon” bu sinfə aid ikinci gəmi hesab olunur. İlk 5 min tonluq “Çve Hyon” esminesi 23 iyun 2026-cı ildə Nampho limanında istismara verilib və Şimali Koreyanın qərb sahillərində fəaliyyət göstərən donanmaya daxil edilib.
Yeni esminesin hazırlanması problemsiz keçməyib. Gəmi 21 may 2025-ci ildə Çoncin gəmiqayırma zavodunda ilk suya buraxılma cəhdi zamanı aşaraq qismən suya batmışdı. Kim Çen In hadisəni sərt tənqid etmiş, gəminin tez bir zamanda bərpasını tələb etmişdi. “Kanq Kon” təmir olunduqdan sonra iyunun 12-də Racində uğurla yenidən suya buraxılıb. “Yonhap” həmin vaxt gəminin cəmi 22 gün ərzində bərpa edildiyini bildirmişdi.
2026-cı ilin iyulunda isə Kim Çen Inın iştirakı ilə “Kanq Kon”un döyüş sistemləri sınaqdan keçirilib. Sınaqlara strateji qanadlı raket, gəmi əleyhinə və sualtı qayıq əleyhinə sistemlər, hava hücumundan müdafiə vasitələri, artilleriya və elektron mübarizə avadanlıqları daxil olub.